İdmançılardan nazirə ağır müraciət: məşq yerlərini kim satıb? (FOTO)

Картинки по запросу idman naziri

Abşeron rayonu Ceyranbatan qəsəbəsinin sakinləri gənclər və idman naziri Azad Rəhimova müraciət edib.

BakiPost.az xəbər verir ki, müraciətə səbəb qəsəbədə xeyli idmançıların olmasına rəğman bir idman zalının belə olmamasıdır.

20-yə yaxın idmançının nazirə ünvanladığı müraciəti ixtisarla təqdim edirik:"55 yaşını qeyd etməyə hazırlaşan qəsəbəmizin 7 mindən çox sakininin böyük əksəriyyətini uşaq, yeniyetmə və gənclər təşkil edir. Buna baxmayaraq qəsəbəmizdə onların idmanla məşğul olması üçün heç bir idman bazası yoxdur. Bu, gənclərimizin mənəvi və fiziki sağlamlığının inkişaf etməsinə öz mənfi təsirini göstərir. Bizim gənclər idmanı sevir və onun müxtəlif növləri ilə məşğul olmağa böyük həvəs göstərirlər. Hazırda qəsəbəmizdə idmanın ayrı-ayrı növləri üzrə ali təhsilli bir çox məşqçilər var. Təəssüflər olsun ki, lazımi şərait olmadığı üçün onların bilik və bacarığından lazımınca istifadə olunmur. Çünki qəsəbədə idman zalımız yoxdur. Bütün bu çətinliklərə baxmayaraq, qəsəbəmizdə bir çox idman ustaları yetişib və yetişir. Onlar öz idman peşələrini məcbur olub qəsəbədən kənarda, Sumqayıt və Bakı şəhərində davam etdirirlər. Bu isə idmançı üçün əlavə vaxt itkisi, əlavə enerji sərfi və digər maneələr deməkdir. Əgər öz qəsəbəmizdə idman bazası və idman oyun növləri üzrə bölmələr (əlbəyaxa döyüş növləri- güləş, boks, taekvando və s) olarsa, bu sahədə daha çox nailiyyətlər əldə etmək mümkündür. Bu həm idmançıların inkişafına, həm də gənclərin fiziki sağlam olmalarına böyük imkanlar yaradar. Bir çox idman həvəskarı olan gənclərin valideynlərinin maddi imkanının olmaması onların kənar şəhərlərdə məşq etmələrinə imkan vermir. Bu səbəblərə görə də bir çox gənclərimiz öz fəaliyyətlərini yarımçıq saxlamaq məcburiyyətində qalıblar. Qəsəbəmizdə idman bazası olarsa, gənclərimizin idmana həvəsi daha da artar, öz asudə vaxtlarında bekarçılıqla yox, idmanla məşğul olarlar. Cənab nazir, sizdən xahiş edirik ki, qəsəbəmizdə ən qısa vaxtda müasir tələblərə cavab verən idman bazasının yaradılması üçün lazımi köməklik göstərəsiniz”.

Qeyd edək ki, qəsəbədəki idmançılar bundan əvvəl məktəblərin idman zallarından və stadiondan istifadə edirmişlər. Amma sonrada onları məktəb zallarına buraxmayıblar. Bir qədər sonra isə onlar stadiona da həsrət qalıblar. Buna səbəb isə qəsəbə bələdiyyə sədrinin həmin stadionu qanunsuz olaraq satması olub. Stadionun satılmasıyla, nəinki idmançıların, bütün qəsəbə sakinlərinin, yeganə istirahət, gəzinti imkanları əllərindən alınıb. Bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, nəticə olmayıb. Hazırda həmin stadion hazarlanaraq istifadəsiz halda qalır. Son yağışlardan sonra ora gölməçəyə çevrilib.

Həmin stadionun indiki durumunu əks etdirən video və fotoları təqdim edirik:

 




 

 






Fikirlər