“İndiki texnikanın gücü ilə o çarpayıda paltarlı uzanmış birini çılpaq təqdim etmək olar. Yəni şəklin çəkiliş forması, poza böyük əhəmiyyət kəsb edir”
“Yataq otağında, çarpayının üzərində uzanaraq çəkilən şəkil niyə ictimai məkana qoyulmalıdır?”
Sosial şəbəkələrdə bir "xəstəlik” peyda olub. Virtual aləmdə biri-birini şantaj edən, müəyyən
əxlaqsız təkliflər irəli sürən insanlar meydana çıxıb. Belə hadisələrdən biri də Gəncə şəhərsakininin başına gəlib. Kəpəz Rayon Polis İdarəsinə müraciət edən qadın sosial şəbəkədə tanış olduğu "Maqa Qurbanlı” ləqəbli şəxsin onu şantaj etdiyini bildirib.
Gülüstan qəsəbə sakini Məhərrəm Qurbanovun qadına zəng vuraraq şəkillərini və barəsində
rüsvayedici məlumatları yayacağını deyib. O, həmçinin qadına əxlaqsız təkliflər edərək ondan
200 manat pul verməyi də tələb edib.
Bu xoşa gəlməz olayı "Şərq”ə şərh edən "Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı şantajlarda qadınların ehtiyatsızlıq etdiyini düşünür. Sosioloqun sözlərinə görə, belə hallarda gözüaçıq olmaq lazımdır:
"Baş verən bu hadisədə qarşı tərəfin yaymaq istədiyi şəkillər cəmiyyətin görməməsi gərəkən formada çəkilmiş şəkillərdir. Bizim hamımızın internetdə kifayət qədər şəkli var. Amma bu şəkillərə görə hansısa şantajla qarşılaşmamışıq. Yataq otağında, çarpayının üzərində uzanaraq çəkilən şəkil niyə ictimai məkana qoyulmalıdır? İndiki texnikanın gücü ilə o çarpayıda paltarlı uzanmış birini çılpaq təqdim etmək olar. Yəni şəklin çəkiliş forması, poza böyük əhəmiyyət kəsb edir. Qadın hansı ağılla qarşı tərəfə məhrəm şəkillərini göstərib. Məncə, şantaja məruz qalan qadınlar bu məsələdə özləri ehtiyatsızlıq edirlər. Üstəlik, qarşı tərəf öz adı ilə qeydiyyatdan keçmir, öz şəklini paylaşmır və sən onun haqqında ən kiçik bir informasiyaya malik deyilsən. İndi kompyuterin
monitoru qarşısında yeniyetmədən qocayadək istənilən yaşda adam oturur, qarşı tərəf ilə sərbəst
söhbət edir, özünü normal insan kimi təqdim edə bilir. Onlar isə internetdən, daha doğrusu,
məhrəmini qoruya bilməyən qadınlardan qazanc mənbəyi kimi istifadə edirlər. Gərək gözüaçıq
olasan ki, belələri ilə münasibət yaratmayasan. Mən 6-7 ildir ki, sosial şəbəkə istifadəçisiyəm,
ictimai platformada az-çox tanınan biriyəm, amma dostluğuma yalnız üzdən tanıdığım adamları
qəbul edirəm. Yəni qarşı tərəfdəki profilin saxta olmadığını, onun kim və nə işlə məşğul
olduğunu dəqiqliklə bilirəm. İşlə əlaqədar tanıdığım çox sayda insan var, amma onların hamısını
dost siyahıma salmıram. Lakin evdar bir xanımın dostluğunda ən az 2-3 min adam olduğunu
görürsən. Hansı əsaslarla o qədər çox insanla ünsiyyət yaradırlar? Bu qədər insandan cəmi 10-15
yaxın tanışı var, qalanı ilə virtual tanışdır. Bu tanışlıqlar da axırda bu cür şantajlara səbəb olur”.