Niyə kişilər lənətlənir, qadınlar yox?

  Niyə kişilər lənətlənir, qadınlar yox?

Aysel Əlizadə: “Cəmiyyət kişilərdən çox çəkib”; Əhməd Qəşəmoğlu: “Qadınlar da kişiləri mənəvi olaraq evdə gün boyu öldürürlər”

Mehriban Vəzir: “Min illər boyu qadınlar kişilər tərəfindən həmişə istismar olunub”; Yeganə Hacıyeva: “Kişinin günahlandırılmasının səbəbini şüuraltı vərdişlərdəaxtarmaq lazımdır”

Son vaxtlar cəmiyyətdə ailə münaqişəsi zəminində baş verən cinayət hallarının sayı artıb. Maraqlı nüans isə burasındadır ki, bu münaqişələr zəminində öldürənin qadın və ya kişi olmasından asılı olmayaraq hər zaman güclü cinsin nümayəndələri qınaq obyektinə çevrilir. Hətta sosial şəbəkələrdə kampaniyalar başlayır, kişilər bir növ lənətlənir. 
Maraqlıdır, cəmiyyətdə kişilərə qarşı olan bu aqressiyanın səbəbi nədir? 
Yazar Aysel Əlizadə cəmiyyətin kişilərdən çox əziyyət çəkdiyini dedi: “Qadın pisdirsə, boşasın. Öldürmək şiddət və vəhşilikdir. Elə psixoloji durum olur ki, kimisə az qalırsan öldürəsən. Bu hal sizdə də olub, məndə də. Ancaq öldürməmişik. Çünki ağlımız bizə imkan verməyib. Bilirik ki, bu azğınlıqdı, bunun cəzası var və bu bizim ömrümüzü məhv edər. Bilirik ki, öldürmək çıxış yolu deyil. Ruhumuz, xarakter və düşüncəmiz bizi qatil olmaqdan, qəddarlıqdan çəkindirir. Qəddarlıq zəka və xeyirxahlıq qıtlığından yaranır. Amma hər cahil də öldürmür axı. Məsələn, Əfqanıstanda Fəxrunda adlı qadını Qurana qarşı çıxmaqda ittiham edərək öldürüblər. Əvvəl döyüblər, sonra damdan atıblar, sonra üstündən keçiblər, axırda yandırıblar. Bu nədir? Bu bloklanmış ürək və ağıl sahiblərinin etdiyi qəddarlıqdı. Düşüncə mövcudsuzluğudur”.
Image result for Aysel Əlizadə
A.Əlizadə günahın hər zaman qatildə olduğunu dedi: “İnsanın öldürməyə məcbur qaldığı situasiya ola bilər. Bunu istisna etmirəm. Amma daha ağıllı çıxış yolunu qoyub şiddətə əl atırsa, demək, günah qatilin özündədir. Ona görə deyirəm ki, kişilər bu cür günahkarlıqda ad çıxardıqları üçün cəmiyyət artıq nə olur- olsun qadının tərəfindədir. Burada artıq seçim etmək olmur. Bütün hallarda günah-cəza kodeksi çözüm deyil. Gərək səbəblər dərhal araşdırılsın. Nə baş verib, nədən baş verib. Cinayət edənin üzərində laboratoriya işi aparılmalıdır. Psixoloqlar, psixoterapevtlər, insan uzmanları cinayətkarlarla işləyib, günlərlə onları araşdırıb, ruhsal vəziyyətini, beynini açıb töküb təhlil etsə, zorakılığın cəmiyyətdə yayılmasının qarşısını almaq mümkün olar”.
Image result for Sosioloq Əhməd Qəşəmoğlu
Sosioloq Əhməd Qəşəmoğlu bunun bir neçə səbəbi olduğunu dedi: “Bu gün birtərəfli olaraq ya qadınları, ya kişiləri tənqid eləmək doğru deyil. Çünki məsələnin kökündə ailələrdə yaranmış gərginlik yaranır. Bu gərginliyi yalnız kişilər və ya yalnız qadınlar yaratmır. Bunun bir neçə amilləri var. İndiki zamanda cəmiyyətdə necə ki, maddi dəyərlər gün keçdikcə hegemonluq edir, hökmən ailələrdə, elə cəmiyyətin özündə gərginlik yaranacaq. Burada iki tərəf var. Kişilər fiziki cəhətdən daha güclüdür. Buna görə də çox vaxt onların qadını fiziki olaraq döyməsi, öldürməsi faktı ortada daha çox var. Amma bizim araşdırmalarımız onu göstərir ki, evlərdə gərginlikdə  təkcə kişilər günahkar olmur. Qadınlarda kişiləri mənəvi olaraq evdə gün boyu öldürürlər. Axırda da kişi fiziki cəhətdən güclü olduğuna görə onun əməlləri daha çox üzdə olur. Təbii ki, ”gəlin kampaniya aparaq ki, kişilər qadınları döyməsin, qadınlar kişiləri öldürməsin" deməklə iş bitmir. Çünki məsələnin kökündə indiki cəmiyyətin xüsusiyyətləri dayanır. Hazırda bütün dünyada pis bir proses gedir ki, maddi dəyərlərin hegemonluğu gün-gündən artır. Ona görə də Azərbaycanda məsələni köklü şəkildə həll etmək istəyiriksə, təkliflər paketi hazırlamalıyıq. Təkliflər paketində biz cəmiyyətdə, ailələrdə mənəvi dəyələrin güclənməsi üçün hansı işləri görməliyik məsələsi yer almalıdır. Bunun üçün də istər qanunvericilik, istər təbliğat, istərsə də maarifləndirmə baxımından qarşımızda çoxlu işlər durur. İlk növbədə çoxlu elmi tədqiqatların aparılması durur. Bu da təəssüf ki, bizdə diqqət mərkəzindən kənardadır. Bax, problemin əsas kökü buradadır".
Image result for Yazıçı-publisist Mehriban Vəzir
Yazıçı-publisist Mehriban Vəzir qadınların tarix boyu həmişə kişilər tərəfindən əzildiyini dedi: “Ailədə qadın-kişi münasibətlərində neqativ nə baş verirsə, hamısı kişinin üstünə atılır. Bax bu məsələnin kökü ondan ibarətdir ki, min illərlə qadınlar həmişə kişilər tərəfindən əzilib, istismar olunub. Ona görə də bu gün nə olsa, artıq şüurlarda günahkar məlumdur. Yəqin ki, düşüncələrin dəyişməsi üçün müəyyən bir vaxt lazımdır. Müəyyən vaxt lazımdır ki, insanlar bilsin ki, məsələ fərdidir. Bu cür düşüncəyə səbəb gender bərabərliyinin olmaması, onun əskikliyini göstərir ki, yalnız birtərəfli düşünə bilirik ki, nə olur-olsun, günahkar kişidir”.
Image result for Yeganə Hacıyeva
Gənc Demokratlar İnstitutunun başqanı Yeganə Hacıyeva isə bildirdi ki, hər iki halda kişinin günahlandırılmasının səbəbini şüuraltı vərdişlərdə axtarmaq lazımdır: “Fikrimcə, qurbanın hansı cinsdən olmasına baxmayaraq qətllərə eyni yanaşma sərgilənməlidir. Dinimizdə də, dünyəvi qanunlarımızla da insan öldürmək ən böyük günahlardan biridir. Ümumiyyətlə, cəmiyyətimizdə ən uğurlu ailə modelləri qadın və kişinin öhdəlik və səlahiyyətlərinin bərabər bölünməsi ilə müşahidə olunan ailələrdir. Bir qayda olaraq bu ailələrdə qarşılıqlı hörmət, sülh, əmin-amanlıq bərqərar olur və belə ailələrdə sağlam ruhlu vətəndaşlar böyüyür. Müxtəlif  cinslərdən olan qətllərin hər ikisində  kişilərin  günahlandırılmasının  səbəbini  insanlarımızın şüuraltı vərdişlərində və təsəvvürlərində axtarmaq lazımdır.  Azərbaycan  insanının şüuraltı vərdiş və təsəvvüründə  ailənin  güclü  siması, idarəedicisi, müdafiəçisi məhz kişi, zəif və zərif tərəf isə qadındır. Birinci halda, yəni qadının qətli zamanı kişi güclü olmasından istifadə edərək , zəif tərəfi qəddarlıqla öldürməsinə  görə qınaq obyekti olursa, ikinci halda isə zəifliyinə, şüuraltı təsəvvürlərdəki kişi təsəvvürünə uyqun gəlmədiyinə görə qınanır. Məncə, əsas səbəb məhz  budur. 
Ümumiyyətlə isə hər bir xalqın özünə, məxsus, spesifik mənəvi və məişət adət-ənənələrinin  formalaşdırdığı  dəyərlərini özündə ehtiva edən  yazılmamış qanunlarla idarə olunan həyət tərzi vardır.  Bu dəyərlər tərbiyə ilə bərabər həm də genlə nəsillərdən nəsillərə ötürülür. Azərbaycan xalqının isə tarixən milli-mənəvi dəyərlərinin əsasında böyüyə, kiçiyə və qadına hörmət durur. Təəssüflə qeyd edim ki, son illərdə cəmiyyətə milli-mənəvi dəyərlərimizə yad olan ünsürlər ixrac olunur. Qadının, ananın, uşaqların, valideynlərin öldürülməsi sayları artıb. Məncə, dövlətimiz bu sahəyə diqqətini və müdafiəsini daha da artırmalı, cəmiyyətimiz isə qloballaşan dünyada ixrac olunan radikal ünsürlərin qarşısını almaq istiqamətinə səfərbər olunmalıdır”.

 






Fikirlər