31.05.2014.- Nazir məzunları facebookdan təbrik etdi
Nazir bu barədə öz facebook səhifəsində status yazıb.
“Əziz məzunlar! Bu gün siz illərlə öyrəndiyiniz məktəb həyatından, doğma müəllimlərinizdən ayrılırsınız. “Vətən”, “Dostluq”, “Müəllim” kimi sözlərin mənasını hər birimiz məktəbdə kəşf edirik. Deməli, hər bir yeni ayrılıq anından, növbəti hədəfə gedən yol başlayır. Məktəb bizi doğmalarımız, ailəmiz və bütövlükdə Vətənimiz üçün faydalı insan edir.
Əziz məzunlar! Biz sizə həm də peşəkar mütəxəssislər, gələcəyimizi quran, yurdumuzu sevən və qoruyan insanlar kimi baxırıq. Dövlətimizin möhkəm inkişaf təməli sizi, bizi və bütövlükdə hamımızı sabaha ümidli, gələcəyə inamlı edir. Bu nöqtədə bizi birləşdirən dəyər dövlətimizin gücü, insan inkişafına verdiyi önəm və sizin vətəndaşlıq, milli-mənəvi dəyərlərə olan sevginizdir. Siz yeni həyatın astanasında həmişə bu dəyərləri özünüzün gələcək yol xəritənizin əsas miqyas ölçüsü etməlisiniz.
Əziz məzunlar! Bizi həyatda bir çox dəyərlər birləşdirir. Bunlar bizi həm də gələcəyə doğru aparır. Sizin həyatınızın yeni üfüqlər astanasında mükəmməl təhsil, peşəkar olmağı öyrənmək, yaradıcı düşüncə sahibi olmaq arzusu həm bizi ruhlandırır, həm də gələcək haqqında təsdiq formasında fikir yürütməyə imkan verir. Biz sabaha sizin addımlarınızla gedirik, sizin baxışlarınızla baxırıq.
Sizi “Son zəng” münasibətilə təbrik edir, yeni həyatda uğurlar arzulayıram.
P.S. Əziz dostlar, biz sizi bütün təhsil məkanlarında gözləyirik. Peşəkar olmağı öyrənmək istəyirsinizsə, bizim peşə təhsili müəssisələrimizdə, ali və ya orta ixtisas təhsili almaq istəyirsinizsə, müvafiq təhsil müəssisələrimizdə görüşənədək!”