Eldar Mahmudovun “sağ əli”nin cinayət işinin istintaqı dayandırıldı

Eldar Mahmudovun “sağ əli”nin cinayət işinin istintaqı dayandırıldı

“Akula Akif”i tutsalar, icraat təzələnəcək və iş yenidən davam etdiriləcək 

 

“MTN işi” üzrə axtarışa verilən Akif Mustafayevin barəsində olan cinayət işi üzrə icraat dayandırılıb. Azərbaycanda “Akula Akif” kimi tanınan A.Mustafayev haqda axtarış elan edildiyi üçün onun barəsindəki cinayət işi üzrə icraatın dayandırılmasına qərar verilib.
APA-nın xəbərinə görə, A.Mustafayev tutulub istintaqa təhvil verildikdən sonra barəsində istintaq davam etdiriləcək. Akif Mustafayev keçmiş təhlükəsizlik naziri Eldar Mahmudovun “sağ əli” kimi tanınır. Qeyd edək ki, bir müddət əvvəl “Akula Akif” ləqəbi ilə tanınan A. Mustafayevin İspaniyanın Loret-de-Mar şəhərində saxlanılması haqqında xəbər yayılıb. Onun vəkili Abbas Atakişiyev A. Mustafayevin saxlanıldığını təsdiqləsə də, sonradan buraxıldığını deyib.
Mustafayev Akif İsmayıl oğlu özünü iş adamı kimi tanıtsa da əslində onun əsas vəzifəsi imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil qruplaşmaya dosye toplayıb çatdırmaqdan ibarət olub.
“Akula Akif” MTN-in, daha doğrusu, Eldar Mahmudovun “işverəni”, badə yoldaşı kimi tanınır. O, MTN-dəki məlum həbslərə qədər iş adamları barədə dosyeləri aldıqdan sonra onları izləyib və həbs olunmasına şərait yaradıb. Bu zaman “Akula Akif” MTN-dəki mütəşəkkil qruplaşmanın qarmağına düşmüş iş adamına öz xidmətlərini təklif edib və onlardan iri məbləğlərdə pulun alınıb Eldar Mahmudova çatdırılmasını, beləliklə, girovun “xilas edilməsini” həyata keçirib. 
Lakin proses bununla da yekunlaşmırdı. “Akula Akif” MTN-dən “xilas etdiyi” iş adamlarının biznesinə gələcəkdə bu kimi problemlərdən sığortalanmaq üçün “krışalıq” edirdi və onların biznesinə 25-30 faiz payla şərik olurdu.
E.Mahmudovun işdən çıxarılması barədə ötən  il oktyabrın 17-də, şənbə günü elan edilən fərmandan və həmin gün MTN-in binasında Baş Xüsusi Dövlət Mühafizə İdarəsinin keçirdiyi əməliyyatdan xəbər tutan kimi “Akula Akif” ölkədən qaçıb.
İnterpolun rəsmi saytında göstərilir ki, 1955-ci ildə andan olmuş Akif Mustafayev Azərbaycanın prokurorluq orqanları tərəfindən axtarışa verilib, ona qarşı “rüşvət” ittihamı var. “Akula Akif”in bank hesablarına və əmlakına həbs qoyulub.

 






Fikirlər