“OĞLUMU OĞURLATDI, DEDİ “ƏLİ DOLU” GƏL” - “Mahmudov 1 milyon 50 min pulumu aldı”
Eldar Mahmudovun milli təhlükəsizlik naziri səlahiyyətlərindən istifadə edərək, törətdiyi cinayətlərin üstünün açılması ölkədə böyük rezonansa səbəb olur. Nazirliyin inzibati resurslarından ancaq cinayət yolu varlanmaq məqsədi üçün istifadə edən Eldar Mahmudov və onun dəstəsi, qanunlar bir yana, hətta mənəvi sərhədləri də aşıb. İnsanların var-dövlətini ələ keçirmək istəyən bu qanlı dəstə vətəndaşlara ailə faciəsi yaşatmaqdan belə çəkinməyib. Hazırda “MTN İşi” çərçivəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində zərərçəkən kimi tanınan İlham Qasımov ifadəsində Eldar Mahmudovun onun başına gətirdiyi olayı anladıb.
Gununsesi.info-nun araşdırması zamanı Eldar Mahmudovun qurbanlarından biri də iş adamı İlham Qasımovun olduğu üzə çıxıb.
Bildirdiyinə görə, ondan pul almaq üçün gənc oğlunu MTN oğurlayıb: “Eldar Mahmudov oğlum Nurlan Qasımlını yaşadığı evin qarşısından oğurladaraq, onun azad olunması müqabilində 1 milyon 50 min manat pulumu aldı. Oğlum köhnə avtovağzalın yanındakı yeni binalarda yaşayırdı. Evdən çıxan kimi aparıblar. Mənə xəbər göndərdi ki, “əli dolu” gəl, oğlunu apar. Mənə dedilər ki, oğlunu azad etdirməsən, 10 ildən artıq həbsxana həyatı yaşayacaq. Məcbur olub pulu verdim”.