AZAl-a RƏQİB YARADILIR – Əsgərovun monopoliyasına son qoyulacaq

azal-cahangir

Rəqabətin gücləndirilməsi və uçuşların sayının artırılması, xüsusən qısaməsafəli məntəqələrə təyyarə biletlərinin qiymətininin aşağı salınması, aşağıbüdcəli (“lou-kost”) hava nəqliyyatı şirkətlərinin fəaliyyəti üçün əlverişli mühit formalaşdırılacaq.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb. Xəritədə göstərilir ki, yaradılmış mühitdən, eləcə də müəyyən istiqamətlər üzrə dövlət tərəfindən təklif edilən müvəqqəti stimullaşdırıcı tədbirlərdən maksimum şəkildə yararlanmaq məqsədilə aşağıbüdcəli milli hava nəqliyyatı şirkətinin yaradılması nəzərdən keçiriləcək.

Ölkədə fəaliyyət göstərən və “Azərbaycan Hava Yolları” QSC-nin tərkibində və ya ayrıca şirkət (paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxs) kimi təsis edilmiş aşağıbüdcəli hava nəqliyyatı şirkətinin yaradılması və həmin şirkətə hava limanından istifadə üzrə aşağı rüsumların tətbiqi, eyni zamanda, Azərbaycanı hava yolu şirkətləri üçün daha cəlbedici etmək məqsədilə sektorlar üzrə islahatların aparılması və stimullaşdırıcı mexanizmlərin tətbiqi də nəzərdən keçiriləcək.
Standartlaşdırma əsasında daşınan əmlaka investisiya qoyuluşu xərclərini azaltmaq məqsədilə beynəlxalq Keyp Taun Sazişinin imzalanması bu fəaliyyətin tərkib hissəsi kimi dəyərləndiriləcək. Bundan əlavə, gömrük və vergi rejimi rəqabətin gücləndirilməsində əsas amil kimi qiymətləndiriləcək.

Bu istiqamətdə tədbirlərin səmərəli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Dövlət Mülki Aviasiya Administrasiyası aviaşirkətlərin sayının artırılmasını hədəf kimi müəyyən edəcək, bu məqsədlə beynəlxalq tərəfdaşlar ilə birlikdə işçi görüşlər keçirəcək və həmin görüşlərdə region üzrə aşağıbüdcəli özəl və milli aviaşirkətlərin də iştirakını təmin edəcəkdir. Dövlət Mülki Aviasiya Administrasiyası eyni zamanda hava nəqliyyatı şirkətləri tərəfindən uçuşların sayının artırılmasına mane olan amilləri müəyyən edəcək və aidiyyəti dövlət qurumları, eləcə də Turizm Şurası ilə birlikdə həmin çətinliklərin aradan qaldırılması ilə bağlı birgə fəaliyyət planı işləyib hazırlayacaq.

Dövlət Mülki Aviasiya Administrasiyası yüksək mənfəət gətirmək potensialına malik olan, lakin başlanğıc dövr üçün marketinq dəstəyi və vergi güzəştlərinə ehtiyacı olan bəzi istiqamətlərin də açılmasını stimullaşdıracaq. Qurum, həmçinin sektor üzrə biznes mühitini və stimullaşdırma strukturunu dəyərləndirəcək, onların təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görəcək.






Fikirlər