28.06.2014.- Vergili falçılar dövlətə vergi ödəyirmi... (Araşdırma)
Təbii ki, özlərini seçilmiş, vergili insanlar kimi cəmiyyətdə tanıtdıranların pulsuz xidmət göstərmirlər.
ANS TV bu dəfə onların insanları öz torlarına necə salmalarından və ya cəmiyyətə vurduqları mənəvi zərərdən söz açmayacaq. Məramımız başqadır: vergililər dövlət büdcəsinə vergi ödəyirlərmi?
Qeyri-rəsmi fəaliyyət göstərən parapsixoloqların, falçıların, cindarların qazanclarını hesablamaq fikrində olmasaq da onların dövlət büdcəsindən oğurladıqlarını mümkün qədər araşdırmaq istədik.
Araşdırmamız zamanı şok faktlarla üzləşdik. Özlərini ekstrasens, parapsixoloq və cindar kimi cəmiyyətə qəbul etdirənlərin göstərdikləri xidmətin müqabilində tələb etdikləri qiymətlər sözün əsl mənasında bizi təəccübləndirdi. Günü-gündən daha da çox məşhurlaşanlar bu peşənin sahiblərinin xidmət haqları populyarlıq dərəcəsinə görə dəyişir.
Belə ki, 10-500 manat vəsait ancaq qəbul və fal açmaq üçün ödənilir. Müştərinin "probleminin həlli" istiqamətində aparılan işlər isə əlavə pullar tələb edilir. Ağır və yüngüllüyündən asılı olaraq xüsusi ritualların qiyməti isə 100 AZN-dən 1500 AZN-dəkdir.
Sözügedən peşə sahiblərinin yenə də populyarlığına və insanlar arasında qazandıqları nüfuzlarına görə qəbul etdikləri müştərilərinin sayı da fərqlidir. Kiminin qəbuluna düşmək üçün günlərlə növbəyə durur, kimi isə gün ərzində bir neçə müştəri qəbul edir. Amma fərq etməz, bu insanların ay ərzində müəyyən miqdarda qazanc əldə etmələri faktlığında qalır. Baxıcılıq xidmətlərini təklif edənlərlə bağlı ən maraqlı məsələ isə başqadır. Bu qədər pul qazanan falçılar dövlət vergisini ödəyirlərmi?
Bu vergili insanların dövlətə vergi ödəyib-ödəmədiklərini soruşduqda cavablar gözlədiyimiz kimi oldu. Sorğu apardıqlarımız arasında vergi ödəyən falçıya rast gəlmədik.
Digər məsləkdaşlarından fərqli olaraq falın, cadunun günah olduğu deyən və insanları dinə-imana çağıran Cindar Həsən kimi tanınan Həsən Həsrətin cavabı da fərqli oldu: "Şəxsən mən 500 manata baxıram. Özüm bu qiyməti deyirəm ki, hər kəs gəlib evimin qarşısını kəsdirməsin. Kimə sərf edir gəlsin, qiymət dəyişilməz olaraq qalır. Artıq Azərbaycandakı fəaliyyətimi dondurmuşam. Hal-hazırda Bakıda heç kimi qəbul etmirəm. Əvvəllər qəbul edəndə fərdi sahibkar kimi VÖEN açdırıb vergi ödəyirdim. Ancaq xarici ölkələrdə - Türkiyə, Moskva və Kiyevdə qəbul edirəm. Düşünürəm ki, həqiqətən də bu işlə məşğul olan insanlar dövlətə vergi ödəməlidirlər, amma inanmıram ki, hər kəs buna əməl edirlər”.
Məsələ ilə əlaqədar olaraq Vergilər Nazirliyi ilə əlaqə saxlayaraq bu fəaliyyətlə məşğul olanlardan kiminsə vergi ödəyicisi olub-olmaması ilə maraqlandıq.
Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov ANS-ə açıqlamasında falçıların vergi ödəyicisi olmadığını bildirdi: "Falçılıq fəaliyyəti növü olmadığından onlar vergi ödəyicisi deyillər. Yəni belə bir vəzifə olmadığına görə vergi tələb oluna bilməz. Amma qanunvericiliyə əsasən iş görüb pul qazanan hər bir fiziki şəxs qazandığından dövlətə vergi ödəməlidir”.
Vergilər Nazirliyinin cavabı bizi qane etmədiyindən bu məsələni ekspertlə müzakirə etmək qərarına gəldik. İqtisadiyyatçı-ekspert Zahid Məmmədov ANS-ə açıqlamasında pul məsələsi olan yerdə verginin qaçılmaz olduğunu deyib.
Onun sözlərinə görə, əgər sahibkarlıq fəaliyyəti varsa, pul qazanılırsa demək vergi ödənilməlidir: "Vətəndaş falçıya gedəndə ondan soruşsun ki, vergi ödəyirsən? Ümumiyyətlə dünyada belə bir şey var ki, baxıcıların qapısının ağzında vergi lövhəsi olur. Müştəri xidmətindən yararlandığı şəxsin ödədiyi pul və bu barədə hərtərəfli məlumat oxuya bilər. Vətəndaş onun yanına gələndə lövhəyə baxır görür ki, bu insan qazancından faizini dövlətə verir, ya yox”.
Vergilər Nazirliyi, ekspert və cəmiyyətdə bu fikirlə razıdır ki, falçılar və cindarlar hər kəs kimi qazandıqları vəsaitdən dövlət büdcəsinə vergi ödəməlidir. Lakin burada hər zaman olduğu kimi bir "amma" var. Heç kim çıxış yolu göstərmir. Dövlətin başbilənləri artıq bu haqda düşünməlidirlər. Çünki falçıların sayı kimi onlara üz tutanların sayı günü gündən çoxalır və bu da milyonlarla vəsaitin dövriyyəsi deməkdir.
Xarici ölkələrə nəzər yetirsək Azərbaycanın bu sferadan nə qədər pul itirdiyini görmək olar. Biz sadəcə məsələnin nə dərəcədə ciddi olduğunu və dövlət büdcəsinin itirdiyi pulların heç də kiçik məbləğ olmadığını aidiyyatı qurumlara çatdırmaq istədik.