Azərbaycanda internet televiziyanın təsisçisinə hökm oxundu - FOTO
Balakən Rayon Məhkəməsində Azərbaycandan çıxmaq istəyərkən saxlanılan iş adamı Səməd Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə "Report"a vəkil Elçin Sadıqov məlumat verib. Vəkil bildirib ki, məhkəmənin hökmünə əsasən, S.Sadıqov 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, 2015-ci il oktyabrın 11-də Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərən Səməd Qüdrət oğlu Sadıqov saxlanılıb. Rəsmi məlumata əsasən, müəyyən edilib ki, S.Sadıqov dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub. Belə ki, “Bermud City” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbəri, “CityTV” televiziyasının təsisçisi və direktoru olan iş adamı S.Sadıqovun “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 4 milyon 410 min manat kredit götürərək qaytarmamaqda ittiham edilib. S.Sadıqov barəsində Nərimanov Rayon Məhkəməsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra iş adamı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb. Vəkil E.Sadıqov "Report"a bildirib ki, istintaq zamanı S.Sadıqovun barəsində irəli sürülmüş “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda ittihamı öz təsdiqini tapmayıb. E.Sadıqov qeyd edib ki, S.Sadıqov qanunsuz sənədləşmədə təqsirli bilindiyi üçün onun cinayət işinə Balakən Rayon Məhkəməsində baxılıb.