Məlum olduğu kimi, dünən axşam saatlarından etibarən Azərbaycanda "Aİ-95” markalı bezninin qiyməti 95 qəpikdən, 1 manat 5 qəpiyə qaldırılıb. Bu, sürücürlərin narazılığına səbəb olub və premium benzinlə bağlı xəbərlər gündəmi zəbt edib.
BakiPost.az belə bir məqamda premium "Aİ-95” markalı benzinlə bağlı mütəxəssis rəyləri öyrənib. Mütəxəssislər sözügedən yanacaqla bağlı bir çox maraqlı faktlar söyləyib.
"Aİ-92” markalı benzinlə "Aİ-95”i bir-birindən nə fərqləndirir?
Nəqliyyat üzrə ekspert Tural Yusifov saytımıza açıqlamasında bildirib ki, əsas fərq yanmalarındadır:
"Onların fərqi oktanlarındadır. Biri regulyardır, o biri isə premium benzindir. Bizdə əsas istifadə olunan 92 oktanlı benzin avro-2 standartına uyğundur, 95 isə xaricdən – konkret olaraq Rumıniyadan alınır deyə, o, avro-4 və 5 standartlarına tamamilə uyğun bir benzindir. Bilindiyi qədər də tərkibi kifayət qədər keyfiyyətlidir”.
Yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov 95 oktanlı benzinin daha çox sıxılma tələb etdiyini vurğulayıb:
"95 oktanlı o deməkdir ki, o benzin daha çox sıxılma tələb edir. Daha çox sıxılandan sonra yanır. Onu bu biri mühərrikə tökəndə, tutalım ki, 95-ə hesablanmış mühərrikə 93 tökəndə yanma tsikli pozulur. Az sıxılmada az yanma olur, nəticədə avtomobilin gücü azalır və ən əsası, avtomobillərin mühərrikindən çıxan tullantı qazlarında zərərli maddələrin miqdarı çox olur, normativ pozulur. Dəm qazı artır, tüstülənmə baş verir”.
Azərbaycanda nə qədər sürücü premium benzin istifadə edir və sürücülər hansı benzinə üstünlük verməlidir?
Tural Yusifovun sözlərinə görə, hər bir sürücü avtomobilinin mühərrikinin hansı starndartlara hesablandığını bilməli, yanacaq istifadə edərkən də buna diqqət yetirməlidir: "Azərbaycanın ümumi avtomobil parkı MDB ölkələri arasında ən aşağısıdır. Yəni bizim avtomobillərin sayı çox deyil. Ölkədə ümumilikdə 2 milyona yaxın maşın var. Bu avtomobillərin 80 faizi ümumiyyətlə premium seqmentə aid deyil. Yəni, istehsaldan çıxmış, vaxtı bitmiş, köhnə alman, amerikan və Rusiya istehsalı olan avtomobillərdir. Onların sürücüləri də təbii ki, 95 deyil, 92 vururlar.
Buna görə ilk növbədə, avtomobilin mühərrikinə baxmaq lazımdır. Əgər istehsalçı sizə 92 benzini tökməyi məsləhət görürsə və o 92 avro-2 standartlarına cavab verirsə, o zaman rahatlıqla Azərbaycandakı 92-ni tökə bilərsiniz. Amma məsələn məndə, 2014-ün avtomobilidir, istehsalçı göstərir ki, 92 olar, amma o 92 avro-4 standartına uyğun olmalıdır, mən 92 tökmürəm, 95 tökürəm. Çünki bizim 92 oktanlı benzinlərimiz avro-4-ə deyil, avro-2-yə cavab verir”.
Ə. Hüseynov Azərbaycanda 4 avtomobildən birinin premium benzinlə işləməli olduğuna diqqət çəkib: "Konkret rəqəmlər yoxdur deyə, təxminən deyə bilərəm ki, Azərbaycanda 95 oktanlı benzinlə işləməli olan avtomobillər maksimum 25 faiz təşkil edir. Yəni hər 4 avtomobildən biri. Bundan az olar ki, çox olmaz. Hətta 5 avtomobildən biri də olar.
Hansı benzindən istifadə məsələsinə gəlincə, məsələn, bildirirlər ki, 2005-ci ildən sonra istehsal olunan maşınlar 95-lə işləməlidir. Amma o maşın Rusiyada istehsal olunubsa, ona 95 vurmaq lazım deyil. 92 kifayətdir. Yaxud, Koreyadan gəlibsə, hətta 2008-2009-cu ilin avtomobili olsa da, onlar 92 oktanlı benzinlə işləməlidir. Çünki o maşın 95-ə hesablanmayıb.
Bir şeyi qeyd edim. Avtomobilin texnikası istehsalçı tərəfindən hazırlananda, xüsusən elektron idarəetmə sistemi konkret oktanlı benzinə hesablanır. Əgər o, orijinal qalırsa, və yaxud ola bilsin ki, köhnə avtomobillər modernləşdirilib təzə avtomobillər kimi 95-ə hesablanırsa, ona zavodun məsləhət bildiyi benzini tökmək lazımdır.
Əks halda, yanmada problem yaranacaq. Mühərrik sıradan çıxacaq. Yanacaq sərfiyyatı artacaq. Bəzi sürücülər həmin avtomobilləri gətirəndən sonra orada sistemi, proqramı dəyişirlər. Ona görə də, ehtimalla 20-25 faiz sürücünün 95 oktanlı benzindən istifadə etməli olduğunu demək olar”.
Azərbaycandakı "Aİ-92” markalı benzin standartlara tam olaraq cavab verirmi?
T. Yusifov bildirir ki, sürücülərin 92 oktanlı benzindən şikayətinin əsasında, yanacaq seçiminin yalnış edilməsi dayanır: ""Aİ-92” avro-2 standarına cavab verir. Sizin avtomobiliniz avro-5-dirsə və ona 92 tökürsünüzsə, təbii ki, bu, standarta cavab verməyəcək. Avro-2 yox, avro-5 standartına cavab verən 92 töksəniz, yenə də fərqi hiss etmiş olacaqsınız.
Burada əsas məsələ mühərrikdir. Biz Amerika bazarı üçün istehsal olunmuş avtomobili gedib Dubaydan alırıq və Azərbaycana gətiririk. Onun mühərriki 92-yə icazə verir. Amma onun standartı avro-5-dir. Sən ona Bakıdakı 92-ni töksən, o maşın getməyəcək.
Çünki istehsalçılar hər region üçün ayrıca uyğunlaşdırılmış avtomobil istehsal edir. MDB ölkələri üçün də həmçinin. İstehsalçılar Rusiya üçün maşın istehsal edəndə, onu həmin bazara uyğun şəkildə çıxarırlar zavoddan. Bilirlər ki, Rusiyada da benzin o qədər keyfiyyətli deyil, onların da benzini qara gündədir. Alınan avtomobilin mühərriki, MDB ölkələrinə, xüsusən də Rusiyaya uyğunlaşdırılıbsa, 92 oktanlı benzin tökdükdə böyük ölçüdə problem yaranmır. Amma msələhətdir ki, 95-dən istifadə olunsun”.
Ərşad Hüseynov isə hesab edir ki, Azərbaycanda satılan "Aİ-92” avro-2 standartlarına belə cavab vermir: "92 oktanlı benzin mühərriki o vaxt tez sıradan çıxara bilər ki, onun mühərriki o benzinə uyğun olmasın. Amma mühərrik özü də avro-2-dən aşağdırsa, həmin benzin də o standartlardan aşağıdırsa, heç bir problem ola bilməz. Mühərrik ona hesablanıb və onu da yandırır. Amma Azərbaycanda, hətta super benzinə uyğunlaşdırılmış avtomobillər də var. Onlar avro-6 standartına hesablanmış avtomobillərdir. O maşınların bəzilərinin 95-lə də problemləri ola bilər.
Bunu da nəzərə almaq lazımdır.
Belə izah edim: məsələn, dizel mühərrikinə benzin töksəniz, onu sıradan çıxaracaq, yaxud da əksinə. Bu o demək deyil ki, dizel zibildir. Sadəcə təyinatı üzrə istifadə etmək lazımdır. Benzinin mühərrikinə öz oktan ədədinə uyğun benzin tökmək lazımdır. Qaldı ki, onun başqa tərəflərinə - istehsalçının benzinin tərkibini düzgün təmizləməməsi, hətta 92 oktanı da düzgün müəyyən edə bilməməsi, saxlanma şəraiti, əlavə lil kimi mexaniki qarışıqların olması, yaxud dizelin təsadüfən benzinə qarışması, içinə az miqdarda hardansa su düşməsi və s. - bu, tamam ayrı problemdir”.
Sürücülərin ən böyük səhvi: "Aİ-92” ilə premium benzini qarışdırmaq
Tural Yusifov hesab edir ki, sözügedən yanacaqları qarışdırmağın avtomobilə heç bir xeyri yoxdur: "Birincisi onlar qarışa bilməzlər. Kimyadan öz gücünə 3 almış adam da bilir ki, bu, su ilə balı qarışdırmağa bənzəyir. Necə ki, bal suya müəyyən qatqılar versə də, həll olunmur, qat olaraq qalır, premiumla 92 də eyni cürdür. Hansı yüngüldürsə yuxarı qalxacaq, ağır olan altda qalacaq. Bunun texniki cəhətdən heç bir mənası yoxdur. Qarışdırmağın texniki cəhətdən mənfi cəhətini tapmaq olar, amma müsbəti qətiyyən yoxdur”.
Ərşad Hüseynov isə düşünür ki, oktanları fərqli olan benzinləri qarışdırmağın heç bir ziyanı yoxdur: "Əgər mühərrikin yanacaq, elektron idarəetmə sistemi avro-4 və 95 oktanlı benzinə hesablanıbsa, deməli buna onu vurmaq lazımdır. 2-sini qarışdırmaq heç bir problem yaratmamalıdır. Yarada bilməz. Çünki hər ikisi benzindir, oktanları fərqlidir. Amma buna ehtiyac yoxdur”.
Benzinə necə qənaət etməli?
T. Yusifov sürücülərə premium benzin bahalaşdığı üçün ucuz benzinlərdən istifadəyə qaçmamağı məsləhət görür: "Təbii ki, nəyinsə qiymətinin qalxması yaxşı hal deyil. Lakin bizim bir pis xasiyyətimiz var. Hətta çörəyi də almağa maşınla gedirik deyə, deyirik ki, niyə qiyməti qalxdı. Qardaş, qiymət qalxdı, ayaqla get. Velosipedlə get, elektromobil al, nə edirsən et, amma qənaət et.
Qənaətdən söhbət gedirsə, avtomobili alanda buna fikir vermək lazımdır. 3,5, 4, 5 motorlu avtomobil almaq lazım deyil. 1,6 motorlu alsınlar, maksimum 2 motorlu maşın alsınlar və daha qənaətcil yanacaqlardan istifadə etsinlər
Burada bir məsələ də var. Məsələn dizel mühərrikləri qənaətli mühərrik hesab olunur. Amma bizim dizel yanacağımız yenə də avro-2, avro-3 arasında gediş-gəliş edən yanacaqdır. O da yuxarı keyfiyyətli yanacaq deyil.
Bir şeyi mütləq qeyd etmək lazımdır. Tutaq ki, indi qiymət qalxıb deyə, sürücülər mühərriki premium markalı benzinə hesablanmış maşına 95-in əvəzinə 92 tökməyə başlayıb, yanacaq əlavələrindən istifadə etsələr, yenə də premium benzinə xərclədikləri vəsaitə bərabər olacaq. Çünki yanacaq əlavələri onsuz da ucuz deyillər. Yox, əgər yanacaq əlavələri istifadə etmədən, təkcə 92 tökəcəksinizsə, o zaman yenə xərcə düşəcəksiniz. Çünki bu zaman da ustalara pul xərcləyəcəksiniz”.
AzerTaym.az