YAP-çı deputat benzinin qiymətinin qalxma səbəbini AÇIQLADI

YAP-çı deputat benzinin qiymətinin qalxma səbəbini açıqladı

Ölkəyə xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiymətinin artması Azərbaycan iqtisadiyyatına heç bir təsir göstərməyəcək”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı, iqtisadçı ekspert Aydın Hüseynov bildirib.

A.Hüseynov deyib ki, “Aİ-95” premium markalı benzinin qiymətinin artması əhalinin aşağı və orta təbəqəsinə təsir etməyəcək:

“Çünki “Aİ-95” markalı benzini adətən imkanlı şəxslər alırlar. Azərbaycanda avtomobil idarə edən sürücülərin əksəriyyəti isə yerli istehsal olan benzinlərdən istifadə edirlər. Bütün bunlara görə də “Aİ-95” markalı benzinin qiymətinin qalxması ümumi əhali üçün hər hansı narahatlıq yaratmayacaq. Hazırda “Aİ-95” premium markalı benzinin yeni qiyməti 1,05 AZN təşkil edir. Bu markalı benzindən sürücülərin az qismi istifadə edir. Bu isə “Aİ-95”-ə olan tələbatın “Aİ-92” markalı benzinə olan tələbatdan qat-qat az olmasından irəli gəlir. Bu baxımdan da “Aİ-95” markalı benzini alanlar imkanlı şəxslər olduğu üçün, qiymət artımının onlara da təsiri olmayacaq. Bu markadan olan yanacaq xarici idxalla əlaqədar olduğundan onun qiyməti də Tarif Şurası tərəfindən tənzimlənmir”.

YAP-çı deputat qeyd edib ki, “Aİ-95” benzinin qiymətində artımın səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir:

“Bilirsiz ki, xaricdən idxal edilən məhsulların qiyməti məzənnədən asılı olaraq dəyişir. Bu baxımdan da gələcəkdə “Aİ-95” markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyası və Azərbaycanda manatın məzənnəsindən asılı olacaq. Elə buna görədir ki, qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi “Aİ-92” markalı benzinə şamil olunmur. Yəni istər “Aİ-92” markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacaq”.






Fikirlər