"YƏQİN Kİ, NAZİR MÜNAQİŞƏNİN YENİDƏN ALOVLANMASINI NƏZƏRDƏ TUTUR"- YEVDA ABRAMOV

"Ciddi tədbir deyəndə yəqin ki, nazir verdiyimiz bəyanatlardan üstün olan bir hərəkəti nəzərdə tutur".

Bu sözləri müdafiə naziri Zakir Həsənovun "Əsgər Çingiz Qurbanovun nəşinin geri qaytarılması ilə bağlı konkret və daha ciddi tədbirlər görülməlidir" mesajını dəyərləndirərkən millət vəkili Yevda Abramov deyib.
O, bəyanat verdiklərini və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin bu işlə məşğul olduğunu söyləyib: "
Cənab prezident xarici səfərlərində bu məsələni qaldırıb. İndi cənab nazir daha ciddi tədbir deyirsə, bunun cavabını Müdafiə Nazirliyindən (MN) alın. Nazirin "ciddi tədbir" deyib, nəzərdə tutduğu məsələnin mahiyyətini açıqlasınlar. Ciddi nə ola bilər? Münaqişə yenidən alovlana bilər. Yəqin ki, bunu nəzərdə tutub. Amma bu sualın cavabını dəqiq bilmirəm. Konkret cavabı MN-dən öyrənmək lazımdır. Çünki bu, sırf müdafiə nazirliyinə aid bir sualdır.
Qeyd edək ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən yanvarın 23-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşiklə görüşüb. Görüşdə qoşunların qarşıdurma xəttində son vəziyyət və atəşkəs rejiminin pozulması halları müzakirə olunub. Müdafiə naziri keçən ilin dekabr ayının 29-da dövlət sərhədində düşmən təxribatının qarşısı alınarkən şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması ilə bağlı konkret və daha ciddi tədbirlərin görülməsinin zəruriliyini qonağın diqqətinə çatdırıb.






Fikirlər