TV-lərin “intellektual problemləri”: bəsit suallar, tamaşaçıya İNAMSIZLIQ
Bütün dünyada məşhur olan intellektual verilişlər, daha dəqiqi, intellektual oyunlar maariflənmək, bilik qazanmaq istəyən tamaşaçını ekran qarşısına cəlb edir. Bəlkə də zamanında, lap elə indi vaxt tapıb oxumadığın nələrisə o verilişdən eşidir, faydalanmağa çalışır, necə deyərlər, həyatına məna qatırsan. Televiziya məkanımızda intellektual oyunlar üzərində qurulan verilişlər az deyil. Bu sıraya “Əlaçı”, “61!”, “Nə, harada, nə vaxt”, “Mən Azərbaycanlıyam”, (AzTV) “Xəmsə” (İTV), “Parlaq zəka”, “Zirvə” (ARB Kəpəz) kimi verilişləri nümunə göstərə bilərik. Bu verilişlərdə iki nüans diqqəti çəkir: birincisi, proqramlar əsasən xarici telelayihələrin formatından götürülərək özəl prodakşn istehsalıdır, ikinci məqam isə onların böyük əksəriyyətinin məktəb şagirdlərinə xitab etməsidir. Görəsən, bu verilişlər intellektual səviyyəsi, formatı, özünütəqdim səviyyəsi ilə ilə peşəkar nəzərində seçilirmi? Teleqraf.com teleməkanımızda yayımlanan intellektual verilişləri mütəxəssislərlə birgə analiz edib. “O cür proqram bizdə də yayımlandı, amma...” Telekanallarda intellektual verilişlərimiz azlığını vurğulayan teletənqidçi Qulu Məhərrəmli o verilişlərin əhəmiyyətinə diqqət çəkib: “Televiziyanın bir funksiyası da cəmiyyəti maarifləndirmək, ona müəyyən dünyagörüş təqdim etməkdir. Bu da müzakirə proqramlarının, bilik aşılayan intellektual verilişlərin sayəsində mümkündür. Bu cür verilişlər çox təəssüf ki, indiki televiziyaların yayım siyasətində əhəmiyyətsiz yer tutur. Mən əvvəllər ANS-də nümayiş olunan “Zəka” verilişini izləyirdim. Hazırda özəl prodakşn istehsalı olan AzTV-də nümayiş olunan “Nə, harada, nə vaxt” verilişi maraqla izlənilir. Çox təəssüf ki, verilişin Azərbaycan variantı yoxdur. Doğrudur, veriliş subtitrlərlə yayımlanır. Amma ona yalnız Bakıda deyil, rayonlarda da baxılır. O cür verilişin Azərbaycan dilində olmasına ciddi ehtiyac var. Əks təqdirdə belə təəssürat yaranır ki, rus dillilər intellektualdır, amma o dildə danışmayanlar intellektual deyil. Bu tipli verilişlərə büdcədən maliyyələşən kanallar daha çox diqqət etməlidirlər. Avropa ölkələrində hətta özəl televiziyaları qeydiyyata alanda onlara maarifçi proqramları hazırlamaq da tapşırılır. Bizdə isə təəssüf ki, belə təşəbbüs televiziyaların öz siyasətindən qaynaqlanmır. AzTV-də nümayiş olunan bəzi, bu tipli verilişlər özəl prodakşn istehsalıdır. Tədqirəlayiq haldır, amma niyə televiziya özü bu cür proqramları hazırlamasın?.. Bu baxımda İTV-nin müəyyən üstünlükləri var: Həm ekranda, həm radioda intellektual proqramları var. Arzuolunandır ki, belə verilişlərin sayı artsın, forması dəyişsin, insanları cəzb edə bilsin. “Milyonçu” verilişi gözəl təşəbbüs və layihə idi. Bir müddət efirdə yayımlandı. Amma məlum oldu ki, bizim auditoriya və ora cəlb olunanlar bəsit, geridə qalmış, hətta orta məktəb proqramlarından o qədər uzaqdırlar ki, adi sualların cavablarını belə bilmirlər. Bu bir faciə idi. O cür proqram Azərbaycanda yayımlandı, amma populyarlıq qazanmadı. Fikrimcə, o layihəni davam etdirmək olardı, sadəcə, görünür, özəl televiziya ona maliyyə ayırmadı. İntellektual verilişləri ya AzTV, ya da İTV müəyyən formada dirçəldə bilsə cəmiyyətə böyük fayda vermiş olarlar". “Onları intellektual adlandırmaq olmaz” Media eksperti Zeynal Məmmədli Azərbaycan teleməkanında intellektual verilişin olmadığını deyir: “Bir müddət əvvəl AzTV və İTV-də intellektual adlandırılan nəyəsə baxdım, amma qətiyyən diqqətimi çəkmədi. Çünki adla məzmun biri-birinə uyğun gəlmir. Beşinci, altıncı sinif səviyyəsində olan bir verilişin adını intellektual qoyurlar, amma çox bəsit suallar verirlər. Başa düşürəm ki, bu cür verilişlər də ola bilər, amma məktəb biliklərini əks etdirən o tip verilişləri intellektual adlandırmaq olmaz. İntellektual verilişlər insanları düşündürməyə, nəyisə öyrənməyə həvəsləndirməlidir”. Ekspertin fikrincə, peşəkarcasına yanaşılsa televiziya üçün maraqlı intellektual veriliş hazırlamaq mümkündür: “Verilişlər bizim həyatımızla sıx bağlı olmalıdır. Peşəkar komanda olduğu təqdirdə strategiya qurub insanları intellektual əməyə yönəldən, düşündürən veriliş hazırlamaq mümkündür. İntellektual insanları üzə çıxarmaq, ilin ən intellektual adamını seçmək və sair istiqamətli verilişlər ərsəyə gətirmək çətin deyil. Ancaq istənilən halda televiziya rəhbərləri reytinqi bəhanə edib, belə verilişləri asanlıqla proqramdan çıxarmağa qadirdirlər. Özəlliklə AzTV, İTV-nin buna imkanı var, çünki büdcədən maliyyələşir. Reytinq onları narahat etməyə bilər”. “Televiziya işçiləri tamaşaçıya az inanır” Telekanallarda məzmunsuzluğun baş alıb getdiyini söyləyən televiziya mütəxəssisi Nadir Bədəlov bu sferada əsasən bəsit sualları ehtiva edən intellektual verilişləri təskinlik kimi qəbul edir: “Dünyada intellektual verilişlər müxtəlif formada yayımlanır: rəngarəng, daha gözlənilməz suallarla tamaşaçını təəccübləndirən, tamaşaçıdan başqa bir qabiliyyət tələb edən verilişlər. Azərbaycan televiziyasında işləyən insanların bir çoxu Azərbaycan tamaşaçının səviyyəsinə az inanır. O qədər inamsızlıq var ki, bu, istər-istəməz verilişlərə sirayət edir. Tamaşaçıya hər bir informasiyanı xırdalamaq olmaz. Xırdaladıqca tamaşaçını o səviyyəyə salırlar. Sovet dövrü bitən ərəfələrdə, eləcə də ondan sonrakı dövrlərdə Azərbaycan televiziyasında intellektual səviyyəsi xeyli yüksəkdə idi. Verilişləri hazırlayanda düşünmürdük ki, tamaşaçı bunu başa düşməz. Bu gün adi sözü işlədəndə belə onu da xırdalamağa meyl edirlər. Bu da verilişin səviyyəsini aşağı salır, bəsitləşdirir. Mənim fikrimcə, bu, çox səhv mövqedir. Bu cür yanaşanda televiziyanın da, jurnalistikanın da səviyyəsi aşağı düşür”.