Universiadada 23 ali təhsil müəssisəsindən tələbələrin iştirakı NƏZƏRDƏ TUTULUB

Aprelin 21-də Bakı İdman Sarayında ali təhsil müəssisələri tələbələrinin XIII Respublika Universiadasının açılış mərasimi olub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

AzərTaym.az- xəbər verir ki,mərasimdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ulu öndər Heydər Əliyevin təhsilə və idmana daim böyük önəm verdiyini vurğulayıb, Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

Qeyd olunub ki, XIII Respublika Universiadasında 23 ali təhsil müəssisəsinin tələbələrinin iştirakı nəzərdə tutulub. Yarışlar idmanın 11 növü üzrə keçiriləcək və ümumilikdə min nəfərdən artıq tələbəni əhatə edəcək.

Təhsil, Gənclər və İdman nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən universiada tələbə gəncləri bədən tərbiyəsinə və idmana cəlb etmək məqsədi ilə reallaşdırılır. Yarışın qalibləri avqustda Tayvanın paytaxtı Taypeydə keçiriləcək XXIX Ümumdünya Yay Universiadasında iştirak edəcəklər.

Təhsil nazirinin müavini Mətin Eynullayev ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb.

Respublikamızın tələbə-idmançılarının dünya çempionatlarında və digər beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etdiklərini vurğulayan nazir müavini XIII Respublika Universiadasının iştirakçılarına uğurlar arzulayıb.

Sonra incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.






Fikirlər