Bakının məşhur istirahət mərkəzlərindən olan Bakı Əyləncə Mərkəzi (BƏM) yaxın günlərdə söküləcək.
BakiPost.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən obyekt sahibinə xəbərdarlıq göndərilib. Xəbərdarlıqda qeyd olunub ki, sökülmə barədə məhkəmə qərarı var, BƏM yaxın günlər ərzində boşaldılmalıdır.
Məlumata görə, xəbərdarlığa heç bir cavab verilməyib, buna görə də ötən şənbə günü BŞİH-nin başçısı Hacıbala Abutalıbov şəxsən BƏM-ə gedərək, söküntü işlərinin başladılmasına göstəriş verib. Hətta əraziyə bir neçə ekskavatorun aparıldığı da bildirilir. Bu, əvvəlcə obyektdə çalışanlarla icra nümayəndələri arasında gərginliyə səbəb olub. Lakin sonradan ara sakitləşib və BƏM-i işlədən şəxslər bir həftəlik möhlət istəyiblər.
Məlum olduğu kimi, əyləncə mərkəzi Rusiyada yaşayan iş adamı, milyarder İsgəndər Xəlilova məxsusdur. Abutalıbova bildirilib ki, İ.Xəlilov məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət edəcək.
AzerTaym.az