“Dialoqdan heç kim kənarda qalmamalıdır” – Əli HƏSƏNOV
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qütbləşmə dövründə inklüziv dialoq” mövzusunda panel keçirilib. APA-nın məlumatına görə, panelin moderatoru BMT-nin Sivilizasiyalar Alyansının politoloqu və dövlət qulluqçusu Natali Qiyom olub. Paneldə çıxış edən Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, beynəlxalq münasibətlərin müasir inkişaf mərhələsi dünyanın geosiyasi mənzərəsini dəyişən mürəkkəb və ziddiyyətli proseslərlə müşahidə olunur: “Çoxqütblü sistemin formalaşması meylləri sivilizasiyalar və mədəniyyətlərarası münasibətlərin dərinləşməsinə mühüm təsir göstərən inklüziv dialoqun əhəmiyyətini artırır. Müşahidələr göstərir ki, regional və beynəlxalq təhlükəsizliklə bağlı problemlər yalnız hərbi-siyasi xarakterli məsələlərlə məhdudlaşmır, eyni zamanda sosial-iqtisadi və mədəniyyətlərarası münasibətlər sahəsini də əhatə edir. Humanizm, tolerantlıq, hüququn aliliyi və ümumbəşəri dəyərlərin prioritetliyi kimi prinsiplərə malik olan inklüziv dialoqa dünya ictimaiyyətini narahat edən qlobal problemlərin və münaqişələrin aradan qaldırılması vasitələrindən biri kimi baxılır. Son 25 ilin təcrübəsi göstərir ki, “soyuq müharibə” başa çatdıqdan sonra yeni dünya nizamının tərkib hissəsi kimi meydana gələn qloballaşmanın müsbət cəhətləri ilə yanaşı, sülhün və sabitliyin təmin olunması məsələsinə münasibətdə onun müəyyən çatışmazlıqları da var. Qloballaşma bir tərəfdən beynəlxalq inteqrasiya proseslərinə təkan verir, digər tərəfdən isə mədəniyyət və sivilizasiyalararası qarşıdurmaların meydana gəlməsi üçün sanki münbit şərait yaradır. Sözsüz ki, burada mənfi meyllərin qarşısını almağın ən səmərəli yolu dövlətlərarası siyasi, sosial-iqtisadi, elmi və texnoloji sahələrdə qarşılıqlı əlaqələri möhkəmləndirməklə bərabər, inklüziv cəmiyyətin inkişafına nail olmaqdan ibarətdir”. Ə. Həsənov bildirib ki, Avropa ilə Asiyanın kəsişdiyi geostrateji məkanda yerləşən Azərbaycan inklüziv dialoqun beynəlxalq hüquq normalarına əsaslanan sivil birgəyaşayışın təmin edilməsində oynadığı rolu yüksək qiymətləndirərək bu istiqamətdə fəal siyasət həyata keçirir: “Dünya dövlətləri ilə bərabərhüquqlu qarşılıqlı əməkdaşlıq möhkəmləndirilir, hər bir xalqın dini-etnik və mədəni özünəməxsusluğunun qorunub saxlanılması üçün mədəniyyətlərarası dialoqun yaratdığı əlverişli imkanlardan səmərəli şəkildə istifadə olunur. Azərbaycan dünyada zəngin multikultural dəyərlərə və tolerant ənənələrə malik olan çoxmillətli dövlət kimi tanınır. Ölkənin qədim dövlətçilik tarixində multikulturalizmin özünə xüsusi yer tutması milli-etnik dəyərlərin zənginləşməsinə böyük töhfələr verir. Azsaylı xalqların öz adət-ənənələrini, dini dəyərlərini qoruyub saxlaması polietnik birliyi möhkəmləndirən mühüm amillərdən biri kimi çıxış edir. Bu sahədə aparılan siyasətin nəticəsində dini, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının hüquqi bərabərliyi təmin olunur. Təəssüf ki, bu gün dünyada dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi hallar insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur edir. Bu sahədə mövcud olan problemlərin çətinliyini və ağrı-acısını Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinin nəticəsində bir milyondan artıq qaçqını və məcburi köçkünü olan Azərbaycan daha yaxından anlayır. Ona görə də bu qəbildən olan insanların öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi inklüziv dialoqun tərkib hissələrindən biri olmalıdır”. Ə. Həsənov nəzərə çatdırıb ki, inklüziv dialoqun təşviq edilməsində Heydər Əliyev Fondunun göstərdiyi fəaliyyəti xüsusi qeyd etmək yerinə düşər: “Ötən illər ərzində fond tərəfindən tarixi abidələrin təmir edilməsi və yeni mədəniyyət ocaqlarının yaradılması məqsədilə çoxsaylı layihələr həyata keçirilib. Layihələr çərçivəsində Fransa, Vatikan, İtaliya, Bolqarıstan kimi dövlətlərdə qədim dini, mədəni abidələr təmir və bərpa olunub. Fondun xətti ilə Azərbaycanda müxtəlif dinlərə sitayiş edən insanların getdikləri ziyarətgahlarda təmir-bərpa işləri aparılıb və etnik qrupların nümayəndələri üçün təhsil, mədəniyyət mərkəzləri yaradılıb. Azərbaycanın rayonlarında tədrisin azsaylı xalqların dilində aparıldığı məktəblər Fond tərəfindən mütəmadi olaraq dərslik və tədris ləvazimatları ilə təmin edilir. Azərbaycan dini-etnik müxtəlifliyə, inklüziv cəmiyyətin inkişafına daim dəstək verir və mədəniyyətlərarası, humanitar beynəlxalq forumların keçirilməsinə Bakının ev sahibliyi etməsi bunun əyani sübutudur. Çıxışımın sonunda bildirmək istərdim ki, hazırda hər bir cəmiyyətin siyasi, sosial-iqtisadi və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlərin formalaşmasını, müxtəlif mədəniyyətlərin bir-birinə qarşılıqlı təsir göstərməsini, sabitliyin və dayanıqlı inkişafın təmin olunmasını inklüziv dialoqsuz təsəvvür etmək mümkün deyil. Bu dialoqun möhkəmlənməsi həm də ona görə vacibdir ki, bəşəriyyət qlobal problemlərin və çağırışların qarşısında özünün təhlükəsizliyini təmin etməyi bacara bilsin”. BMT baş katibi müavininin vəzifəsini icra edən, İctimai İnformasiya Departamentinin rəhbəri Mahir Nasir deyib ki, hazırda dünyada 240 milyon miqrant var: “Müəyyən partiyalar miqrantları təhlükə kimi təqdim edirlər. Ancaq o insanlar məcburən ölkələrindən didərgin düşüblər, münaqişələrdən, təbii fəlakətlərdən qaçıblar. Bu məsələyə münasibətdə humanizm əsas olmalıdır, miqrantlara təhlükə kimi baxılmamalıdır. BMT-də hər bir dövlətin səsi var. “Soyuq müharibə” bitəndən sonra BMT-də iş prinsipi dəyişib, qətnamələrin əksəriyyəti qarşılıqlı razılaşma ilə qəbul olunur. Qətnamələr 50%+1 səs prinsipi ilə əldə edilir. İnklüzivlik bu halda aktuallaşır. Davamlı İnkişaf Məqsədlərinə baxsaq, bura yoxsulluğun, işsizliyin aradan qaldırılması, gender bərabərliyi və digərləri əksini tapıb. Gənclər qərar qəbuletmə prosesinə cəlb olunmalıdır. Dialoqdan heç kim kənarda qalmamalı, hamının fikri nəzərə alınmalıdır”. “ONUART” Fondunun vitse-prezidenti, səfir Xuan Antonio Març, Mərakeş Krallığının Aqadir (Universiapolis) Beynəlxalq Universitetinin dosenti, beynəlxalq əlaqələr və əməkdaşlıq kafedrasının direktoru Mohamməd Mohiddin və Birləşmiş Millətlər Təşkilatının Siyasi məsələlər şöbəsinin baş vasitəçilik müşaviri Brendan Mak Alister mövzu ilə əlaqədar fikirlərini bölüşüblər. Tədbir müzakirələrlə davam edib.