İRANDA SEÇKİLƏRİN NƏTİCƏLƏRİ MƏLUM OLDU – Həsən Ruhani yenidən prezident SEÇİLİB
İranda keçirilən prezident seçkilərində Həsən Ruhani qələbə qazanıb. APA-nın Tehran bürosu xəbər verir ki, ilkin nəticəyə görə, indiyədək sayılmış bülletenlərə əsasən, hazırkı prezident Həsən Ruhani 22 milyon 796 min 468 səslə öndədir. Onun əsas rəqibi, mühafizəkarların namizədi İbrahim Rəisi 15 milyon 796 min 468 səslə ikinci yerdədir. **** İranda prezident seçkilərində Həsən Ruhani liderlik edir.APA-nın məlumatına görə, bu barədə Reuters agentliyinə məlumatlı mənbə bildirib.
Digər namizədlər Mustafa Mirsəlim 455 min 211 səs, Mustafa Haşimitəba 210 min 597 səs toplaya bilib.
İranın Seçkilər Qərargahının sədri Əli Əsğər Əhmədi bildirib ki, seçkilərin nəticəsi məlumdur, lakin qanuna görə günorta saat 14.00-dək gözləmək lazımdır. Rəsmi nəticə saat 14.00-da elan olunacaq.
O deyib ki, səsvermədə seçici hüququ olanların 70 faizi iştirak edib.
İran prezidentinin birinci müavini İshaq Cahangiri əhalinin səsvermədə aktiv iştirakına və əksəriyyətin Həsən Ruhaniyə səs verməsinə görə xalqa təşəkkür edib.
Onun sözlərinə görə, 37 milyon bülletenin hesablanmasına əsasən hazırkı prezident 21,6 milyon səs toplayıb.
H.Ruhaninin ən yaxın izləyicisi İbrahim Rəisi 14 milyon səs toplaya bilib.
Xatırladaq ki, İran prezidenti postu uğrunda dörd namizəd mübarizə aparır – hazırkı prezident Həsən Ruhani, ayətullah İbrahim Rəisi, sabiq vitse-prezident Mustafa Həşimi-Taba və mühafizəkar Mustafa Ağa Mirsəlim.