Prezidentliyə 287 nəfər NAMİZƏDDİR
İranda prezident seçkilərində iştirak etmək istəyən 287 nəfər namizəd qeydiyyatdan keçib. Publika.az xəbər verir ki, bunu prezident seçkilərinin keçirilməsi üzrə qərargahın sədri Əli Əsgər Əhmədi APA-nın Tehran bürosuna açıqlamasında deyib. O bildirib ki, namizədliyi qeydiyyata alınan şəxslərdən 13 nəfər qadındır. Ə. Əhmədi qeyd edib ki, prezident seçkilərində namizədliyin qeydiyyata alınması üçün qanunda heç bir yaş məhdudiyyəti yoxdur. Namizədlərin qeydiyyatı şənbə günü başa çatacaq. Mahmud Əhmədinejad qeydiyyata alınmamışdan əvvəl prezident Həsən Ruhaninin əsas rəqibi İbrahim Rəisi hesab olunurdu. Lakin İ. Rəisi hələlik namizədliyinin qeydiyyata alınması üçün müraciət etməyib. H. Ruhaninin digər rəqiblərindən olan Məhəmməd Baqir Qalibafın da namizədliyini irəli sürəcəyi ehtimal olunur. Namizədliyi təsdiqlənən şəxslərin adlarının aprelin 26-27-də açıqlanacağı gözlənilir.