Üç deputat seçkidə iştirakdan imtina etdi

 Üç deputat seçkidə iştirakdan imtina etdi

Abbas Abbasovun oğlu “millətə xidmət edəcəyini” dedi; Etibar Hüseynov “arxalı” olmaqdan danışdı; Leyla Abdullayeva isə deyəsən, vəzifəyə gedir 

1 noyabr parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliklərini verən şəxslərin seçici imzalarının və digər sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün müddət 2 oktyabr saat 18-də başa çatıb. 

 
Qeyd edək ki, deputatlığa namizədlərin irəli sürülməsi prosesi avqustun 29-dan başlanıb. Seçkiqabağı təşviqatın aparılmasına isə oktyabrın 9-da başlanacaq, 31 oktyabr saat 08:00-da dayandırılacaq. 9 oktyabra qədər namizədliyi irəli sürülmüş şəxslərin sənədlərinə baxılması və qeydə alınması prosesi həyata keçiriləcək. 
 
MSK sədri Məzahir Pənahov  oktyabrın 2-də keçirilən iclasda məlumat verib ki, parlament seçkilərində namizədliyini verənlərdən 882 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. O bildirib ki, deputatlığa namizədliyi qeydə alınanlardan 213 nəfərinin namizədliyi 14 siyasi partiya tərəfindən, 5 nəfərin namizədliyi “Azadlıq-2015" siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, 6652 nəfər namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.
M.Pənahov onu da bildirib ki, ümumilikdə 1700 nəfər deputatlığa namizəd olmaq üçün dairə seçki komissiyalarına müraciət edib.
Hakim Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısındakı 117 şəxsin hamısı artıq qeydiyyata alınıb.  YAP-ın 41 saylı Sumqayıt seçki dairəsindən namizədi, hazırkı deputat Leyla Abdullayeva namizədliyini geri götürüb. Bu barədə azvision.az-a hakim partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib. YAP rəsmisi bildirib ki, Leyla Abdullayeva namizədliyini öz istəyi ilə geri götürüb.
 
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə APA-ya açıqlamasında bildirib ki, buna səbəb L. Abdullayevanın dövlət qulluğunda işə keçməsi ilə bağlıdır. O qeyd edib ki, hazırda məktəb direktoru işləyən L.Abdullayeva dövlət qulluğunda işə keçmək qərarına gəlib, bu halda isə qanun onun seçkili orqanda təmsil olunmasına icazə vermir: “Bu səbəbdən də namizədliyini geri götürüb. Onun hansı dövlət qulluğunu tutması isə hələ bilinmir. İşə götürüləndə açıqlanacaq”. 
 
Müxalifət düşərgəsindən isə Müsavat Partiyasının 2 oktyabra qədər ümumilikdə 60-dan yuxarı namizədinin sənədləri, seçici imzaları DSK-lara təqdim edilib. 2 oktyabra qədər 6 nəfərin namizədliyi təsdiq olunub, 6 nəfərin isə namizədliyinin təsdiq olunmasından imtina edilib. Bu barədə Müsavat Partiyası Seçki Qərargahının rəhbəri Gülağa Aslanlı “Yeni Müsavat”a məlumat verib. Onun sözlərinə görə, namizədlərinin ümumi sayı 70-ə yaxın olub.
7 partiyanın təmsil olunduğu “Azadlıq 2015" blokunun isə hələ ki, 5 namizədi qeydə alınıb. Bu barədə blokun Seçki Qərargahının rəhbəri Bəybala Əbil ”Yeni Müsavat"a açıqlamasında deyib. O, bildirib ki, 70-ə yaxın namizədləri sənəd götürübmüş, ilkin informasiyaya görə, 30-dan nəfərdən yuxarı namizədləri sənədlərini seçki komissiyalarına təqdim edə bilib: “Bu yekun rəqəm deyil”. 
AMİP-in isə 2 oktyabra qədər 5 namizədi qeydə alınıb, 20 nəfərin isə sənədləri təqdim olunub və DSK-ların qərarı gözlənilir. Bu barədə AMİP katibi Elşən Mustafayev məlumat verib. E.Mustafayev deyib ki, hələlik qeydiyyatından imtina edilən namizədləri yoxdur. 

Prezident Administrasiyası seçki prosesindən razıdır

 Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının keçirdiyi “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda oktyabrın 2-də keçirilən seminar-müşavirədə isə prezidentin köməkçisi  Əli Həsənov seçkilərlə bağlı açıqlamalar verib. Ə.Həsəon deyib ki, Azərbaycanda müstəqillik dövründə ümumrespublika səviyyəli 15-ə qədər seçki proseduru həyata keçirilib. Bu proseslərdə mətbuatın iştirakı mütləq şəkildə təmin olunub. Ə.Həsənov bildirib ki, müəyyən nöqsanlar istisna deyil, heç bir ölkə bu nöqsanlardan sığortalanmayıb, lakin ümumi seçki nəticələrinə görə bu seçkilər ədalətli, demokratik keçib: “İnanıram ki, bu seçkilər də istisna olmayacaq. Seçkilər cəmiyyətdəki ovqatdan, ictimai mühitdən və yaradılan şəraitdən asılıdr. Mərkəzi Seçki Komissiyası bütövlükdə Azərbaycanda seçkilərin ədalətli keçirilməsi üçün bütün lazımi tədbirləri görüb”.
Mətbuat haqqında danışan Ə.Həsənov qeyd edib ki, jurnalist vəsiqəsi kifayət edir ki, KİV təmsilçiləri əvvəldən axıra qədər seçki prosesini izləmək hüququna malik olsunlar: “Biz mətbuatı seçkilərin mühüm bir iştirakçısı kimi dəyərləndiririk. Mətbuatın vəzifəsi ondan ibarətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin, əhalinin seçki ovqatının, fəallığının necə olmasını öyrənsin. Bütün bu prosesləri cəmiyyətə çatdırmaqda yeganə institut mətbuatdır. Bəzən MSK verdiyi rəyi bəzi dairələr obyektiv dəyərləndirməyə bilir, amma mətbuat bunu obyektiv dəyərləndirir. Bu baxımdan mətbuatın rolu dəyərsizdir.
Mətbuat seçkilərdə iştirak edən bütün tərəflərə, o cümlədən siyasi partiyalara, bloklara bərabər şərait yaratmalıdır. Mətbuat KİV haqqında qanun, seçki qanunvericiliyinə uyğun hərəkət etməli və dövlətin yürütdüyü plüralistik siyasətə söykənərək namizədlər üçün bərabər şərait yaratmalıdır".
Ə. Həsənov bildirib ki, xarici KİV Xarici İşlər Nazirliyində akkreditasiyadan keçəndən və MSK-ya məlumat verərək müvafiq sənəd alandan sonra seçkini izləmək hüququ əldə edə bilər. “Kütləvi informasiya vasitələri seçkiləri qərəzsiz, ədalətli işıqlandırmalıdırlar. Mətbuat Şurası fəaliyyətində KİV-lərin seçkiləri qərəzsiz, ədalətli işıqlandırmasını diqqət mərkəzində saxlayır”.
 
Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev belə deyib.
Seçki dövründə media orqanlarının təşviqat kampaniyası ilə bağlı qanunvericiliyin tələblərinə riayət etməsini zəruri sayan U. Mirzəyev bildirib ki, Mətbuat Şurası seçkilər dövründə də monitorinqlər keçirir:“Mətbuat Şurası apardığı monitorinqlər zamanı KİV-də seçkilərlə bağlı məlumatları diqqət mərkəzində saxlanılır, balans prinsipinin pozulması, kontekstdən çıxarılmış fikirlərlə manipulyasiya və digər mənfi hallar nəzərə alınır.  Mətbuat Şurasının üzvləri seçki günü də seçki məntəqələrində olur, jurnalistlərə yaradılmış şəraitlə maraqlanırlar. Mətbuat Şurasının üzvləri bu dəfə də seçki günü seçki məntəqələrinə baş çəkəcək, jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsi ilə bağlı məsələləri diqqət mərkəzində saxlayacaq”.
Müəyyən dairələrin anti-Azərbaycan kampaniyasına toxunan U. Mirzəyev beynəlxalq aləmdə Azərbaycan xalqının və dövlətinin müsbət imicinin formalaşması istiqamətində mətbuatın fəaliyyətinin önəmli olduğunu qeyd edib.

İsa Qəmbərə DSK sədrinin qəribə məktubu...

 
Deputatlığa namizədliyi qeydə alınan keçmiş Müsavat başqanı İsa Qəmbər isə namizəd kimi qeydə alındığı 15 saylı Yasamal birinci seçki dairəsinin Dairə Seçki Komissiyasının sədri Sərdar Süleymanovdan məktub alıb. DSK sədri məktubda facebook sosial şəbəkəsində istifadəçilər tərəfindən namizədin şəklinin paylanmasını Seçki Məcəlləsinə zidd olaraq seçkiqabağı təşviqat mərhələsinin pozulması kimi qiymətləndirərək, ona xəbərdarlıq edib. İsa Qəmbər DSK sədrinə cavab yazaraq bildirib ki, sosial şəbəkə azad bir dünyadır.  
Hal-hazırda dünyada təkcə facebookun milyard yarıma yaxın, ölkəmizdə milyondan yuxarı istifadəçisi var. Onlar sosial şəbəkələrdə müstəqil hərəkət edirlər və bir-birilərinin qarşısında məsuliyyət daşımırlar: Facebook sosial şəbəkəsində qeyd etdiyiniz şəklin yayılmasının mənə aidiyyəti yoxdur, sosial şəbəkədə ayrı-ayrı şəxslərin fəallığına görə mən cavabdeh deyiləm. Əgər həmin profildə seçki qanunvericiliyinin tələbləri pozulmuşsa, bu məsələ ilə bağlı facebook sosial şəbəkəsinin rəhbəri cənab Mark Zukerberqə müraciət etməyinizi məsləhət görürəm. Ona görə də xəbərdarlığınızı qanunsuz və əsassız, eləcə də mənim seçkidə iştirakıma yersiz müdaxilə hesab edirəm. Belə hallar təkrar olunacağı təqdirdə MSK-ya və məhkəməyə müraciət etməli olacağam".
 
Abbas Abbasovun oğlu Aydın Abbasov  facebook səhifəsində elan edib ki, parlament seçkilərində namizədliyini irəli sürməmək qərarına gəlib: “Son zamanlar millət vəkilliyinə namizədliyimlə bağlı çoxsaylı zənglər və mesajlar alıram. Hər kəsə cavab vermək imkanım olmadığından, yazılı şəkildə cavab verib suallara son qoymaq istəyirəm. 10 ildir ki, aktiv siyasətdəyəm, millətimə, dövlətimə xidmət edirəm. Hər zaman da xidmət edəcəyəm. Lakin daha millət vəkili olaraq deyil. Bildirmək istəyirəm ki, bu dəfə Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməyəcəyəm. Namizədlərin hər birinə uğurlar arzu edirəm.”
Deputat Etibar Hüseynov da seçkilərdə namizədliyini vermədiyini bəyan edib: “Əziz dostum və qardaşım Ülvi Quliyevin bir sıra obyektiv səbəblərdən namizədliyini deputatı olduğum 15 saylı dairədən irəli sürməsi planlarımı dəyişdi. Etiraf edək ki, bugünkü kifayət qədər siyasiləşmiş cəmiyyətimizdə arxanda ciddi siyasi qüvvə və maliyyə rıçaqları olmadan bitərəf şəkildə seçkiyə qatılmaq və qalib gəlmək çox çətindir. Buna görə də qarşıdan gələn parlament seçkilərinə qatılmamaq qərarı verdim”.
Deputat Sabir Rüstəmxanlının həyat yoldaşı, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyi isə qeydə alınmayıb. Bu barədə aznews.az-a T.Rüstəmxanlı özü məlumat verib. O, namizədliyinin qeydə alınmamasına görə Mərkəzi Seçki Komissiyasına şikayət edəcəyini bildirib. T.Rüstəmxanlı namizədliyinin qeydə alınmaması üçün heç bir səbəbin olmadığını vurğulayıb. Qeyd edək ki, Tənzilə Rüstəmxanlı namizədliyini 42 saylı Sumqayıt 2-ci Seçki Dairəsindən irəli sürmüşdü. 
Etibar SEYİDAĞA

 






Fikirlər