MTRŞ-dən televiziyalarda siqaret və spirtli içkilərin nümayişinə MÜNASİBƏT

Milli Televiziya və Radio Şurası (MTRŞ) televiziya kanallarına tütün məmulatları, spirtli içkilərin istifadəsi, həmçinin yol hərəkəti qaydaları ilə bağlı tövsiyələr verib.

 AzerTaym.az xəbər verir ki, bunu Trend-ə MTRŞ-nın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov bildirib ki, Azərbaycanda həm teleradio yayımı, həm də reklam haqqında qanunvericiliyə görə, televiziya və radio ilə tütün məmulatlarının reklamı, ümumiyyətlə, qadağandır:

"Monitorinqlər göstərir ki, yayımçılar bu tələblərə riayət edirlər. Lakin televiziyalarda yayımlanan filmlərdə, seriallarda və s. tütün məmulatları və spirtli içkilərin istifadə olunduğu səhnələr yer alır. Yayımçılara çəkilən yeni efir materiallarında, seriallarda, həmçinin filmlərdə də bu məqamlara diqqət yetirilməsi ilə bağlı tövsiyələr verilib. Yayımçılar, əsasən, bu tövsiyələrə əməl etməyə çalışırlar. Lakin həm sovet dövründə, həm də xaricdə istehsal olunan filmlərdə bu cür hallara rast gəlinir ki, bunun da günahkarı kanallar deyil və yayımçıya belə səhnələrə görə ciddi irad tuta bilmirik. Bununla belə, yayımçılar istəsələr, mozaikadan istifadə etməklə həmin səhnələri bağlaya bilərlər".

T.Dadaşov əlavə edib ki, seriallarda, filmlərdə yol hərəkəti qaydalarının pozulması ilə bağlı da yayımçılara tövsiyələr verilib.

Onun sözlərinə görə, hazırda bu sahədə də nöqsanlar əvvəlki qədər kütləvi deyil.






Fikirlər