S.Əlisoy Başqanın qucaqlaşmaq çağırışına “yox” dedi
Başqanlığa keçmiş namizədin sözlərinə görə, bayram günlərində barışmaq məişət səviyyəsində mümkün olur:
“Mentalitetimizdə qəribə bir nəsnə var. Bu da ondan ibarətdir ki, bayram günlərində bir-bir ilə küsənləri, danışmayanları barışdırırlar. Bu qismən məişət səviyyəsində mümkündür. Ağsaqqal ortaya çıxıb küsülü olanlara deyir ki, bayramdır, ayıbdır barışın. Amma Müsavat siyasi partiyadır”.
Səxavət Əlisoy bildirib ki, Arif Hacılının bəyanatı ikibaşlıdır: “Bu tayfa başçılarının söhbətidirmi? Tayfa daxilində kimsə başqasına sillə vurursa, onları barışdırırlar. Ortada dəvə, fil boyda narazılıq faktorları var. Ən azı qucaqlaşmaya çağıran adam, problemlərin çözülməsi üçün obyektiv mesajlar verməlidir. Əksinə həmin adam xəyanətkar adlandırdıqları qucaqlaşmağa çağırır. Qərarlarımız qüvvədədir. Bu bəyanatın içində bölücülük var. Bu Arif Hacılı düşüncəsinə xas olan xüsusiyyətdir.
Şəxsən mənim Müsavat Partiyasında Arif Hacılı da daxil olmaqla bir kimsə ilə şəxsi müsətvidə heç bir qərəzliliyim yoxdur. Bir müsavatçı ilə bu günə qədər aramızda söz davası, etikadan kənar söhbət baş verməyib. Mən istənilən məkanda Arif Hacılı və onun dəstəsinin üzvləri oturub çörək yeməyə, çay içməyə də hazıram. Hətta onlarla şərab da içməyə hazıram. Çünki mən saxtakar deyiləm. Qrup mənafeyindən də çıxış etmirəm”
O, sonda Azərbaycan xalqını müstəqillik günü münasibəti ilə təbrik edib: “Qanında ən azı bir damla belə vətən, millət, dövlət təəssübü olan vətəndaşlarımızı bayram münasibəti ilə təbrik edirəm”.
Qeyd edək ki, Müsavat başqanı Arif Hacılı yenidən partiyadaşlarına çağırış edib. O bu barədə facebook hesabında yazıb: “Müsavat Partiyasında keçirilən seçkilər zamanı rəqabət şəraitində irəli sürülən iradları, ittihamları hətta etik normaları aşmış olsa belə, unudacağımı demişdim. Hər kəsi də 27 sentyabr qurultay günündən sonra əvvəlki rəqabəti unutmağa, birgə fəaliyyət göstərməyə çağırmışdım. Əksər partiya üzvləri bu çağırılmaya qoşulsalar da, qarşılıqlı ittihamlar tam durdurulmadı. 18 oktyabr istiqlal günündə bir daha partiya üzvlərinə səslənirəm. Partiyada bu günədək olan ittihamlar, təftişçilik meylləri ilə bağlı hərəkətləri seçki kampaniyası kontekstində olan fəsadlar kimi dəyərləndirib unutmağa çalışaq. Təhqir və böhtanlar istisna olmaqla və partiyanı tərk edənlərlə bağlı sərt mövqeyimizdə qalmaqla, olub keçənləri unudaq. Qucaqlaşaq. Yolumuza hər bir partiya üzvü ilə birlikdə davam edək. Hər birinizi bir daha Milli İstiqlal günü münasibəti ilə təbrik edirəm”,-deyə A. Hacılı bildirib.