16.08.2014- “Y.Hacıyevadan şübhələnirəm" -Müsavat Məclisinin üzvü
Bunu açıqlamasında Müsavat Məclisinin üzvü Sevinc Hüseynova Müsavat başqanının keçmiş müşaviri, Milli Şuranın üzvü Yeganə Hacıyeva ilə aralarındakı söhbətin sosial şəbəkədə yayılmasına münasibət bildirərkən deyib.
Xatırladaq ki, “Facebook” sosial şəbəkəsində kimliyi bilinməyən profildən S. Hüseynova və Y. Hacıyeva arasındakı danışıqlar yayılıb. Orada S. Hüseynova Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının ünvanına tənqidi fikirlər söyləyib.
S. Hüseynova deyib ki, bu danışıqları yayan adamın profili saxtadır. A. Hacılı ilə münasibətlərinin yaxşı olduğunu deyən S. Hüseynovanın sözlərinə görə, belə bir danışıq ümumiyyətlə olmayıb, bu, Y. Hacıyeva tərəfindən qəsdən yayılıb: “Bu işin arxasında Yeganə Hacıyeva durur. Ümumiyyətlə, Yeganə Hacıyeva mənim səviyyəmdə olan insan deyil. Onun hərəkəti böyük alçaqlıqdır. Bu hərəkət Arif Hacılıya qarşı yönəlib. Halbuki Arif Hacılı ilə çox gözəl münasibətim var. Mən Arif Hacılının Müsavat Partiyasının başqanlığına namizədliyini dəstəkləyirəm. Düşünürəm ki, başqanlığa Arif Hacılının haqqı çatır. O, mübarizədən keçmiş, Azərbaycan müstəqilliyinə qol çəkmiş insandır. Eyni zamanda onun Müsavat Partiyasının inkişafında çox böyük xidmətləri olub”.
Y. Hacıyeva isə açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirərək, ünvanına deyilənləri təkzib edib. O, ümumiyyətlə S. Hüseynova ilə əlaqəsinin olmadığını, onu bir neçə dəfə tədbirlərdə gördüyünü bildirib: “Mən Müsavat Partiyasından istefa verdikdən sonra, partiyanın işinə qarışmıram. Sevinc Hüseynovanı güclə xatırladım. Hətta onu yaxşı tanımıram belə... Heç “facebook” sosial şəbəkəsində mənim dostluğumda da olmayıb. Bu baxımdan onun dediklərinin heç bir əsası yoxdur, bizim aramızda heç bir danışıq olmayıb, bu işdən də xəbərsizəm”.
Y. Hacıyeva da A. Hacılı ilə münasibətlərinin normal olduğunu qeyd edib. /apa /