15.02.2014. - E.Namazovdan ilginc etiraf: “Bəli, mən casusam...” (VİDEO)

15.02.2014. -  E.Namazovdan ilginc etiraf: “Bəli, mən casusam...” (VİDEO)"Bəli, mənim barəmdə gedənlər həqiqətdir. Mən Rusiya casusuyam, "radistkam" isə...”

Bu ilin yanvar ayında ABŞ Senatı aparatının iki əməkdaşı Bakıda olarkən jurnalist Xədicə İsmayılla İçərişəhərdəki restoranlardan birində apardıqları müzakirə zamanı Azərbaycan müxalifətini iflasa uğrada biləcək bir mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Jurnalist Xədicə İsmayıl həmin şəxslərə hakimiyyətlə ələqalər quran 100-dən çox müxalifət, vətəndaş cəmiyyəti, QHT, KİV orqanının adını çəkib. İndi də həmin siyahı araşdırmaçı jurnalist Eynulla Fətullayevin əlindədir. Dediyinə görə, siyahını gömrük xidməti vasitəsilə əldə edib.

Araşdırmaçı jurnalist, Eynulla Fətullayev: “Xədicə İsmayılova ümumiyyətlə görüşdə iştirak edən digər Azərbaycan nümayəndələri ilə bu görüşün mövcudluğunu inkar etmir. Görüş keçirilib. Xədicə İsmayılova özü də bunu etiraf edib. Bu şəxslər məxfi orqanların əməkdaşlarıdır. Xədicə İsmayılova da özü görüşdə müzakirələrdən sonra bu şəxslərə siyahı təqdim edib. Həmin siyahı Azərbaycanın ən tanınmış simalarından ibarətdir. O simalar ki, Xədicə ismayılovanın təqdimatında Azərbaycan hökumətinin və ya digər mərkəzləri ilə əməkdaşlıq edirlər”.

Jurnalist bildirir ki, Xədicə İsmayılın siyahı ötürdüyü Senatın Xarici Əlaqələr Komitəsinin iki tədqiqatçısı - Con Zadrozni ilə Daniel Vajdiç ABŞ kəşfiyyat orqanlarına birbaşa bağlı şəxslərdir. Bəs, adı hallananlar kimlərdir?

Bildirilir ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu - Nazirliklərdən birindən maliyyələşir. Onun siyasi idarəçiliyi dövlət qurumları tərəfindən həyata keçirilir. Müsavat başqanı İsa Qəmbərin maliyyələşdirilməsi Rauf Arifoğlunun hər ay aldığı vəsait hesabına həyata keçirilir. Həmin partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının cəzaçəkmə müəssisəsində cəza çəkərkən ələ alındığı deyilir. Siyahıda adı yer alan daha bir nəfər AXCP sədrinin müavini Həsən Kərimovdur, onun da güc strukturları ilə birbaşa bağlılığı qeyd olunur. Siyasətçi Eldar Namazovun hələ 80-ci illərin sonlarından SSRİ dövründən indiyədək dövlət qurumları ilə sıx əlaqəsinin olduğu iddia olunur. Daha bir müxalifət təmsilçisi Klassik xalq cəbhəsi partiyasının sədri Mirmahmud Fəttayevin hakimiyyətlə əməkdaşlıq qurduğu vurğulanır. Turan informasiya agentliyinin rəhbəri Mehman Əliyevin isə iş adamlarından biri vasitəsilə iqtidarla əlaqələr quruduğu vurğulanır. Qalmaqallı siyahıda Əbülfəz Elçibəyin ailəsinin adı var. Həmçinin də hüquq müdafiəçilərinin. Siyahını üzə çıxaran jurnalist Eynulla Fətullayevin adı da dövlət strukturları ilə əməkdaşlıq edənlərin arasındadır.

Adı hakimiyyətlə işbirliyində hallanan şəxslərdən bir çoxu bu barədə ANS-ə danışmaq istəməsə də, məsələyə münasibət öyrəndiklərimiz də oldu.

Siyahıda adı çəkilən Müsavat partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ANS-ə bildirdi ki, Xədicə İsmayıl belə bir siyahı verməyib. Ortaya fakt qoyulmalıdır. Sitat kimin tərəfindən uydurulmasından asılı olmayaraq bu - çirkin bir təxribatdır.

Klassik xalq cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlu isə mətbuata açıqlamasında deyib: "Mən millətimə, xalqıma xidmət edirəm. Millətə, xalqa xidmət edənlərlə əməkdaşlıq qururam. Mənim hakimiyyətlə əməkdaşlıq qurmağım barədə deyilənlər sadəcə axmaq məsələdir".

"El" Hərəkatının sədri, Milli Şuranın Sədr Aparatının keçmiş rəhbəri Eldar Namazov barəsində yazılanları uğursuz zarafat kimi qəbul edib. “Bəli, mənim barəmdə gedənlər həqiqətdir. Mən Rusiya casusuyam, "radistkam" isə Xədicə İsmayılovadır. Ona görə ki, hər bir casusun yanında bir "radistka" olur.
Qalmaqallı siyahıda adı yer alan Turan informasiya agentliyinin rəhbəri, Milli Şuranın üzvü Mehman Əliyev bu məlumatları doğru hesab etməsə də, hesabatda göstərilən hakimiyyətlə əlaqə qurmaqda vasitəçilik edən iş adamını tanıdığını, onunla müəyyən münasibətinin olduğunu etiraf edib.

Bu siyahını Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanlarına ötürməkdə adı hallanan jurnalist Xədicə İsmayıl isə müsahibə verməsə də məsələyə sosial şəbəkə vasitəsi ilə aydınlıq gətirib. Və yazını yazanı təhqir edib. Lakin bununla belə Xədicə xanım, iki həftə əvvəl ABŞ Senatının iki əməkdaşı ilə restoranda bir masa arxasında fikir mübadiləsi apardığını gizlətməyib. O, həmçinin məsələyə tam aydınlığı məhkəmə müstəvisində gətirə biləcəyini də deyib.

15.02.2014. -  E.Namazovdan ilginc etiraf: “Bəli, mən casusam...” (VİDEO)






Fikirlər