Dilimiz MİLLİ KİMLİYİMİZ…

20294217_1893459294241608_4296832975985053581_n

Aynur Talıblı

İstanbul Sabahattin Zaim Üniversiteti, Tarix və Mədəniyyət Araşdırmaları bölümü magistr Dilimizi qısqanclıqla qorumalı və təbliğ etməliyik. Necə ki, ingilislər, ruslar bunu etməkdədirlər.

Azərbaycan dili və ya Azərbaycan Oğuz türkçəsi qədim bir tarixə malikdir. Azərbaycan türklərinin dili özü türkçədir desək, yanılmarıq. Amma həqiqi mənada çirklənilmədən özündən, əslindən qoparılmadan saflığı ilə gələcək nəsillərə ötürülərsə, bu bizim kimlik kartımız, bəlgəmiz olar. Öncədən də qeyd etdiyim kimi “çirklənmədən” ifadəsini yenə vurğulayıram. “Bir dil necə çirklənər”, deyə sual edə bilərsiniz. Sizə bunun açıqlamasını yazacağam. Əgər biz öz dilimizə gərəksiz, yabanc, milli olmayan sözlər daxil ediriksə, bu dilimizin çirklənməsinə gətirib çixarır.
Digər tərəfdən əgər bunu özümüzü müasir, “modern” göstərmək üçün edəriksə, bu artıq dilimizə qarşı cinayətdir! Özəlliklə rus dilindən olan sözləri hələ də dilimizdən çıxartmırıq və inad edirik . Deyəsən ”vsyo”, “uje”, ”tak”, ”davay”, ”mama”, ” papa” kimi sözləri işlətmək bəzilərinə xoşdur. Niyə, bunun səbəbi nədir? Bu suallara verəcəyimiz şablon, qəlib cavablar hazırdır. Sizə onlardan bir-iki örnək yazım: “Biz rusların əsarətində idik”, ”Rus dili beynalxalq dillərdən biridir”, “Rusya bizim qonşumuzdur” və s. kimi şablon cümlələr.
Rus qonşunuzdur deyə Azərbaycan dilinin əvəzinə rus dilində də danışmalısınız! 100 ilə yaxın rus işğalında qalmağı bəhanə edənlərə gəlincə, xatırladaq ki, artıq müstəqil olmağımızdan 30 ilə yaxın müddət keçib. Artıq bu bəhanəni bir kənara qoymaq lazımdır!
Bunu da qeyd edim ki, rus bizim sadəcə qonşumuz deyil,erməniyə dəstək verən, mədəniyyətimizin və dilimizin inkişafının önünü kəsən bir gücdür. Məsələn, Gürcüstanı götürək. Gürcülər rus dilində danışmağın daşını çoxdan atıblar!
Digər tərəfdən ağzınızı əyə-əyə “Rus dili beynəlxalq dildir” deyirsinizsə, sizin eviniz və Bakı küçələri nə konfrans zalıdır, nə də akademik arenadır. Əgər oralarda Azərbaycanımızı təmsil edərkən danışsanız bu daha yararlı olar. Siz rus və ya da ingilis dilində danışmağa beynəlxalq arenada, akademik məkanlarda davam edin. Əks halda Bakı küçələrində xüsusilə də “Torqovı” adlandırdığınız yerdə rusca danışmağa davam etsəniz bu sizi, “modern” yox, öz ana dilində danışmağı ar bilən, dilinə dəyər verməyən biri kimi göstərəcəkdir.
Bilirəm bəziləri “dil bilmək yaxşıdır” kimi ifadələr işlədəcək. Amma onlara bunu bildirmək istərdim ki, sizə dil bilməyin demirik.
Dəyərli həmvətənlərim, hətta erməninin də dilini öyrənin, amma Türk-Oğuz yurdu olan Azərbaycanda türkçə danışmaq sizin və bizim boynumuzun borcudur! Bu bizim vətəndaş borcumuzdur. Əks halda Azərbaycan türkçəsində danışanlara “çuşka” deyərək alçaltdığınız dönəmə geri dönərsiniz ki, bu da sizin milli kimliyinizi və şəxsiyyətinizin alçaldılması deməkdir! Çünki milli dili duyğusu, düşüncəsi vətən, millət sevgisi olmayanlar, dilini qorumayanlar, vətənini, millətini, dövlətini qorumazlar!
Onu da qeyd edim ki, artıq vətənimizdə illərdir beynəlxalq yarışlar keçirilir və ölkəmizə qonaqlar gəlir. Əgər siz onların qonaq olduğu zamanlarda da öz vətəndaşlarınızla rusca danışsanız bu yaxşı hal olmayacaq. Necə ki bundan əvvəlki yarışmada İngiltərədən gələn bir qonağın verdiyi ”Hələ də Azərbaycanda dövlet dili rus dilidir” sualı ilə üzləşəcəksiniz.
Unutmayın, biz onlara öz dilimizi-Azərbaycan türkçəsini tanıtmalı və sevdirməliyik. Sonda unudulmaz ədibimiz Məhəmməd Hüseyn Şəhriyardan iki misra ilə fikrimi bitirmək istərdim:
Türkün dilitək sevgili,
istəkli dil olmaz,
Özgə dilə qatsan,
bu dil əsil olmaz.

20428064_1893463470907857_1904826846_n

20428563_1893460087574862_1602133078_n

 






Fikirlər