Azərbaycan-Türkiyə ittifaqı – Ermənistanın QORXULU RÖYASI

İrəvan Bakı və Ankaraya qarşı alternativ sipər axtarır – mühüm gəlişmə; ABŞ-la Rusiya arasında sıxılmağa başlayan işğalçı ölkə çıxılmazda; Qərb paytaxtları Ermənistanın 2013-cü ildəki xəyanətini bağışlayacaqmı?; Ekspert: “İrəvan bilməlidir ki, torpaqların işğalı ona baha başa gələcək...”

Bölgəmiz ətrafında cərəyan edən proseslər daha maraqlı, eyni zamanda təhlükəli bir məcraya adlayıb. Xüsusən də ABŞ-Rusiya münasibətlərinin kritik həddə yaxınlaşması öz təsirlərini Cənubi Qafqazdakı situasiyaya da göstərməkdədir.

Təkcə o fakt ki, Gürcüstanda ABŞ (NATO) tankları ilə Rusiya tankları az qala, buruna-buruna dayanıb (NATO təlimlərinin keçirildiyi Vaziani ilə işğal altındakı Cənubi Osetiya arasında cəmi 65 km məsafə var), özlüyündə çox şey deyir. Bu fonda Türkiyə-Rusiya hərbi əməkdaşlığının dərinləşməsi isə vəziyyətə əlavə siyasi çalar və həssaslıq əlavə eləməkdədir.

*****

Son gəlişmələr region ölkələrini istər-istəməz çevik manevrlər eləmək zorunda qoyur. Və belə görünür ki, vəziyyətdən dolayı ən çox təlaş keçirən də elə bütünlüklə Rusiyadan asılı durumda olan Ermənistandır. İşğalçı ölkənin əndişəsinə həqiqətən də, indi heç vaxt olmadığı qədər əsaslar və motivlər yaranıb.

Image result for S-400 rocket

Onlardan biri də Moskva ilə Ankara arasında bu ilin aprelində əldə olunan və reallaşmaq üzrə olan hərbi müqavilə ilə bağlıdır. Həmin müqaviləyə görə, qardaş ölkə Rusiyadan dünyanın ən müasir raket sistemlərindən olan S-400 kompleksləri alacaq. İlkin mərhələdə Rusiya Türkiyəyə 2 batareya S-400 verəcək. S-400-lərdən birinin Suriya və İrandan gələcək təhdidlərə qarşı şərq bölgəsinə, digərinin isə Yunanıstan təhdidinə qarşı - qərb səmtində yerləşdiriləcəyi deyilir. Amma analitiklərə görə, Ankara S-400-lərin təyinatına düzəlişlər edə bilər. Ermənistanı qayğılandıran həm də budur.


*****

Image result for Türkiyə Azərbaycan hərbi

“İrəvan Rusiyanın Türkiyəyə satdığı S-400 raketlərinin Ermənistanla sərhədə, hətta Naxçıvanda yerləşdirilə biləcəyindən narahatdır və bunu açıq dilə gətirməyə başlayıb”. Bu sözləri Axar.az -a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi Türkiyənin S-400 raket komplekslərinin sözügedən ərazidə yerləşdirməsini dəstəkləyib. Onun sözlərinə görə, Rusiya Ermənistanda istədiyi raket komplekslərini, o cümlədən “İsgəndər”ləri yerləşdirirsə və bu, açıq-aşkar Azərbaycana qarşıdırsa, Azərbaycan da özünü qorumalı, müasir raket kompleksləri almalıdır.

“Aydındır ki, Rusiya ”İsgəndər" raket kompleksini Azərbaycana satmayacaq. O halda bu istiqamətdə Türkiyə ilə əməkdaşlıq mümkündür. Çünki Qarabağ uğrunda müharibə başlasa, Naxçıvana müəyyən təhlükələr yarana bilər. Türkiyə isə Qars müqaviləsinə əsasən Naxçıvanı qorumalıdır. Bu fonda Türkiyənin Naxçıvana iqtisadi, siyasi və hərbi dəstəyi böyük rol oynayır.

Image result for Türkiyə Azərbaycan hərbi

Buna görə də Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı o dərəcədə inkişaf etməlidir ki, Naxçıvanda türk hərbi bazalarının yerləşdirilməsi rəsmiləşdirilsin. O cümlədən Naxçıvanda Türkiyəyə məxsus müasir silah və raket komplekslərinin yerləşdirilməsi də mümkündür. İrəvan bilməlidir ki, Azərbaycan torpaqlarının işğalı Ermənistana baha başa gələcək. Azərbaycana təhlükə yaranması o deməkdir ki, Ermənistan qarşısında bu dəfə təkcə Azərbaycanı yox, Azərbaycan-Türkiyə hərbi ittifaqını görəcək", - deyə ekspert əlavə edib.


İşğalçı Ermənistanı təlaşlandıran məsələlərdən biri də elə İrəvanın cəmi 50 km-liyində olan Naxçıvandır. Nədən ki, erməni tərəf Qarabağ uğrunda müharibə başlayacağı təqdirdə həqiqətən də Azərbaycanın və onun ordusunun diqqətini Naxçıvan tərəfə yayındırmağa çalışa bilər. Naxçıvandan Ermənistana qarşı “2-ci cəbhə”nin açılması isə İrəvan üçün olduqca arzuolunmazdır və ağır nəticələrə gətirəcək. Bu üzdən İrəvan olan-qalan ordusunun mühüm bir hissəsini Naxçıvan səmtinə cəmləmək zorundadır. Bütün hallarda, böyük Qarabağ savaşı başlasa da, başlamasa da Bakı-Ankara ittifaqı, Naxçıvan amili artıq düşmən üçün ən qorxulu yuxuya çevrilib.

*****

Son zamanlar Ermənistan üstəlik, Rusiya-ABŞ ziddiyyətlərinin dərinləşməsi fonunda Türkiyə-Rusiya əlaqələrinin güclənməsindən böyük təlaş keçirməyə başlayıb. Ermənistanın axır vaxtlar NATO, Qərb tərəfə artan reveransları öncəliklə sadalanan amillərlə izah edilə bilər.

Bu yerdə yada salaq ki, hazırda işğalçı ölkənin hərbçiləri Gürcüstanda ABŞ, Almaniya, İngiltərə, Sloveniya, Ukrayna və Gürcüstan hərbçiləri ilə birgə NATO təlimlərində iştirak edir (avqustun 12-də başa çatacaq). Ötən ay isə Ermənistan Rumıniyada Rusiya əleyhinə olan NATO təlimlərinə qatılmışdı.

Image result for NATO

Görünür, Rusiyaya artıq əmin-arxayın olmayan İrəvan Azərbaycan və Türkiyəyə qarşı NATO timsalında özünə alternativ sipər, yaxud təhlükəsizlik sistemi axtarır. Ancaq nə qədər ki, Ermənistan Kremlin Cənubi Qafqazda əsas hərbi dayağı, forpostu rolunda qalır, çətin ki, NATO, Qərb bu qarantı ona versin.

Təsadüfi deyil ki, bu yaxınlarda erməni jurnalistlərinə ABŞ-Rusiya qarşıdurmasından danışan Amerikanın İrəvandakı səfiri Riçard Millz demişdi ki, “təhlükəsizlik məsələsində seçimi İrəvan özü eləməlidir”. Bu, əslində rəsmi İrəvana aydın bir mesajdır ki, Ermənistan bölgədə Kremlin vassalı kimi qaldıqca, təhlükəsizlik məsələsində ABŞ-a güvənə bilməz və o zamanadək Rusiyaya qarşı ağır sanksiyaların nəticələrini bölüşməyə də hazır olmalıdır.

Image result for Türkiyə Azərbaycan hərbi Naxçıvan

Moskvaya qarşı sanksiyaların qayəsində isə ilk növbədə Ukrayna məsələsi, Krımın, Abxaziya və Cənubi Osetiyanın işğalı dayanır. Doğrudur, İrəvan Kremlin təzyiqinə rəğmən, Rusiya kimi Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımayıb - Gürcüstandan keçən yeganə yolun bağlanacağından ehtiyat edərək. Ancaq 2013-cü ildə BMT-də Ukrayna məsələsi səsə qoyularkən Rusiya kimi və 9 ölkədən biri olaraq, Ermənistan dünya birliyinin, Qərbin iradəsinə qarşı gedərək, Ukraynanın ərazi bütövlüyü əleyhinə səs verib. Bunu təkcə Kiyevdə deyil, Qərb paytaxtlarında da yəqin ki, unutmayıblar...

*****

Ermənistanın çıxılmazda olduğunun daha bir sübutu odur ki, indi o, faktiki surətdə Rusiya təhlükəsinə qarşı keçirilən və Ukrayna böhranı ilə, Krımla birbaşa bağlı olan, üstəlik, Ukraynanın özünün də qatıldığı NATO təlimlərinə qatılıb - Ukraynanın ərazi bütövlüyünü tanımaya-tanımaya. Buna növbəti və klassik erməni riyakarlığı da demək olar.

Belə olan surətdə sual ortaya çıxır ki, Qərb Ermənistanın Ukrayna ilə bağlı 2013-cü ildəki xəyanətini heç nə olmayıbmış kimi bağışlayacaqmı? Ermənistan regionda Rusiyanın yeganə legitim forpostu qismində qala-qala, NATO-nun, Qərbin onunla sıx əməkdaşlığına bel bağlaya bilərmi? Ən əsası, işğalçı ölkənin Türkiyə və Azərbaycana qarşı özünə Qərbin timsalında alternativ sipər qazanması mümkünmü?

Bu suallara yəqin ki, önümüzdəki aylarda aydınlıq gələcək.

 






Fikirlər