Üç güc nazirindən iki ünvana yekdil əzələ nümayişi; Ermənistanın hədələri cavabsız qalmadı - neft və qaz kəmərlərinin təhlükəsizliyini Azərbaycan, Türkiyə və Gürcüstan birgə qoruyacaq; ortaq hərbi təlimlər haqda qərar isə İrəvan və onun müttəfiqinə başqa xəbərdarlıq ismarışdır...
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri - Zakir Həsənov, İsmət Yılmaz və Tinati Xidaşelinin növbəti görüşü Qəbələdə baş tutdu. İlk baxışda ənənəvi olan belə görüşlər bölgə və onun ətrafında cərəyan edən proseslər, o cümlədən NATO və ABŞ-ın bölgədə möhkəmlənməkdə davam eləməsi, Rusiyanın isə buna qarşı qıcıqlı, adekvat addımlar atmağa çalışıb Güney Qafqazda hərbi cəhətdən güclənmək istəyi fonunda xüsusi önəm daşıyır.
Bakı, Ankara və Tiflisi birləşdirən ortaq maraqlar isə az deyil. Söhbət ilk növbədə bölgənin iki təcavüzkar ölkəsi - Ermənistan və Rusiyaya qarşı ortaq təhlükəsizlik strategiyası yürütməkdən gedir. Məsələ də ondadır ki, Ermənistan (əslində Rusiya) Azərbaycanın, Rusiya isə Gürcüstanın ərazilərini işğal altında saxlayır. Üstəlik, Moskvanın Ankara ilə təyyarə insidentinə görə münasibətləri ötən ilin noyabrından korlanıb və kritik olaraq qalır. Bundan əlavə, Kreml neçə vaxtdır Ermənistanı Türkiyəyə qarşı hərbiləşdirməklə məşğuldur.
* * *
Yaranmış durumda biri NATO üzvü olmaqla, üç qonşu dövlətin xarici hərbi təhdidlərə qarşı birgə hərəkət eləməsi olduqca mühüm önəm daşıyır. Bura işğalçı Ermənistanın, erməni generallarının son vaxtlar tez-tez ortaq enerji layihələri sayılan neft-qaz kəmərləri - Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Supsa neft, Bakı-Tiflis-Ərzurum qaz xətlərinin hədəf alınacağı barədə bəyanatlarını və rus qoşunlarının bu xətlərin bir neçə on kilometrliyində qərar tutmasını (Cənubi Osetiya) da əlavə eləsək, mənzərə aydın olar.
Söz yox ki, belə hədələrin arxasında Ermənistanın gerçək yiyəsi Rusiya dayanır. Demək, Azərbaycan, Türkiyə və Gürcüstan nə qədər gec deyil, daha çevik ortaq addımlar barədə düşünməli, bu addımlar içərisində isə ortaq güc nümayişi əlbəttə ki, öndə gəlməlidir. Düşmən və onun arxasındakı qüvvə aydın dərk eləməlidir ki, onun təhdidləri onun özünə çox baha başa gələcək və ağrılı olacaq.
Bu xüsusda müdafiə nazirlərinin Qəbələdə imzaladıqları məramnamə heç vaxt olmadığı qədər qiymətlidir və yerinə düşür. Anlaşmaya əsasən, üç ölkə arasında bundan sonra birgə təlimlər keçiriləcək. Bu da hamısı deyil. “Biz neft və qaz kəmərlərinin təhlükəsizliyinin birgə təmin olunması məsələsini də müzakirə etdik və razılıq əldə olundu”. Bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz Qəbələ görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Yılmaz onu da deyib ki, üç ölkə arasında hərbi-texniki və hərbi-təhsil sahəsində əməkdaşlıq, treninqlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, bölgədəki vəziyyətlə bağlı regional təhlükəsizlik məsələləri, Azərbaycan, Türkiyə və Gürcüstan arasında birgə hərbi təlimlərin keçirilməsi məsələləri də müzakirə edilib və razılıq əldə olunub.
Diqqət edildi yəqin, üç qonşu ölkə arasında hərbi və hərbi-texniki və hərbi təhlükəsizliklə bağlı əməkdaşlığın toxunulmayan sahə, faktiki, qalmayıb. Türkiyəli nazirin açıqlaması şübhə yox ki, sadalanan istiqamətlər üzrə, o sırada həmçinin silah ticarəti üzrə iki və üçtərəfli əlaqələri intensivləşdirmək iradəsinin təzahürüdür.
Bu üzdən güc nazirlərinin üçlü Qəbələ görüşü və onun nəticəsi avantürist planlarla yaşayan işğalçı Ermənistan və onun havadarı üçün yəqin ki, “soyuq duş effekti verəcək. Qəbələ görüşü və memorandumunun Gürcüstanda, Qara dənizdə davam edən genişmiqyaslı NATO hərbi təlimləri dönəminə təsadüf eləməsi bu effekti birə-iki artırır.
Türkiyəli nazirin Qarabağ mövzusunda və Ermənistanla bağlı verdiyi bəyanatı, problemin yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlli vacibliyini vurğulaması da mühüm əhəmiyyət daşıyır. “Türkiyə ordusu Azərbaycana real kömək göstərəcək”. Bunu axar.az-a üçtərəfli görüşü şərh edən politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Türkiyə 1990-cı illərdən fərqli olaraq, indi Bakını daha fəal müdafiə eləməyə hazırdır.
“Türkiyəli nazir dönə-dönə bəyan elədi ki, onun ölkəsi Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa eləməkdə ona kömək etməyə hazırdır. Bunu təkrar-təkrar dilə gətirməklə həm də sülh danışıqlarının səmərəli olmayacağı və hərbi qarşıdurma ehtimalının yüksək olmasına işarə elədi. Bundan əlavə, İsmət Yılmaz işarə vurdu ki, 1-ci Qarabağ müharibəsində fərqli olaraq, Türkiyə ordusu Azərbaycanı dəstəkləməyə hazırdır, yetər ki, Bakı bununla bağlı müraciət eləsin” - ekspert qeyd edib.
* * *
Söz yox ki, İrəvan da, Moskva da Qəbələ təması və onun çərçivəsində aparılan müzakirələri, verilən açıqlamaları diqqətlə izləyib və müvafiq mesajını artıq alıb. Ona da şübhə yox ki, Rusiya və Ermənistan bundan sonra Gürcüstanda keçiriləcək NATO təlimlərində Azərbaycan və Türkiyə hərbçilərinin iştirak edəcəyi barədə gürcü nazir Tinati Xidaşelinin açıqlamasını da ciddiyə alıb.
Olsun. Rusiyanın öz maraqları olduğu kimi, Azərbaycan, Türkiyə və Gürcüstanın da bölgədə öz köklü maraqları var. Bu, Kreml və forpostu Ermənistanın günahıdır ki, regionda apardıqları işğalçılıq, destruktiv siyasət nəticəsində faktiki, izolyasiya durumuna düşüblər və barrikadanın bu tərəfində qərar tutmaqla ortaq düşmənə çevriliblər.
Bölgə və onun ətrafındakı proseslər isə nə İrəvanın, nə də Moskvanın maraqları kontekstində inkişaf edir. Bunu iki işğalçı nə qədər tez anlayıb, regionu qarışdırmaq planlarından əl çəksə, bir qədər onların özləri və xalqları üçün faydalı olar. Əlavə edək ki, üç güc nazirinin iki ünvana Qəbələ mesajları artıq Ermənistanda narahatlıq və təlaş doğurub.
Siyasət şöbəsi