Azərbaycanı təhqir edənin gözünü ÇIXARDARIQ
Urmiyanın İran parlamentindəki millət vəkili Nadir Qazipur “Qladiator sorx” idman qəzetinin azərbaycanlıları təhqir etməsinə sərt reaksiya verib. Axar.az xəbər verir ki, o bu barədə bildiriş yayaraq qəzetin irqçi əməlini sərt şəkildə qınayıb.
Millət vəkili bildirib ki, Azərbaycanı təhqir edənlər öz cəzalarını alanadək məsələni diqqətdə saxlayacaq:
“Qövmləri, xüsusilə də cəsarətli, qorxmaz və başıuca Azərbaycanı təhqir etmək heç bir şəkildə qəbul edilə bilməz. Necə olur ki, bəzi kütləvi informasiya vasitələri “Traktor” komandası və Azərbaycan əhalisini təhqir edirlər? Mətbuata nəzarət heyəti bu məsələyə baxmalıdır. Belə insanlar cəzalandırılsa, Azərbaycanı təhqir etmək istəyənlərə də bir ibrət dərsi olar. Hamı bilməlidir ki, kim Azərbaycanı təhqir etsə, gözünü çıxardarıq”.
Xatırladaq ki, İranın idman mətbuat orqanlarından olan “Qladiator sorx” internet qəzeti avqustun 3-də Azərbaycanın “Traktor” və Tehranın “Perspolis” komandalarının görüşündən əvvəl və sonra yaydığı məlumatlarda türkləri təhqir edərək “Səudiyyənin Əl-əhlisindən öncə zibh edin, Əl-vəhşi Təbriz” və “Pantürklərin canına od saldıq, türk kababı” kimi cümlələr işlədib. Bundan sonra sosial şəbəkələrdə qəzetə qarşı etirazlar başlayıb.