İcra başçısının şəhər üzrə nümayəndəsi körpələrin yeməyinə də GÖZ TİKİB

İcra başçısının şəhər üzrə nümayəndəsi körpələrin yeməyinə də göz tikib

Beyləqan rayon İcra Hakimiyyətinin (RİH) Beyləqan şəhəri üzrə nümayəndəsi Bakir Balakişiyevin asfaltlama işlərinin keyfiyyətindən oğurlamasına dair “Sonolay.org” saytında gedən tənqidi məqaləyə əks-səda olaraq, onun digər qanunsuz əməlləri barədə redaksiyamıza yeni məlumatlar daxil olmuşdur.

Həmin məlumatda şəhər nümayəndəliyinin tabeliyində olan uşaq bağçalarında da korrupsiya hallarının baş alıb getdiyi bildirilir. Belə ki, şəhərdə fəaliyyət göstərən 6 uşaq məktəbəqədər təhsil müəssisəsinə aylıq ayrılan 1 (bir) ton ətin təyinatı üzrə istifadə edilmədiyi, satıldığı deyilir. Bildirilir ki, B. Balakişiyev Beyləqanın uşaq bağçalarını ətlə təmin edən "Meyvəli" firmasının Ağcabədi filialının rəhbərliyi ilə korruptiv sövdələşməyə gedib. Ümumiyyətlə, təkcə ət və ət məhsullarının deyil, ərzağın bütün digər növlərinin də çox hissəsinin icra nümayəndəsi və işbaz ortaqları tərəfindən "xırıd" edildiyi, həmçinin, uşaq müəssisələri rəhbərlərinin üzərinə aylıq 100 (bir yüz) manat haqq qoyulduğu qeyd olunur. Əlbəttə, Balakişiyevin həyat yoldaşının müdirlik etdiyi 1 saylı uşaq bağçası bu "taqsa"dan azaddır. Bağça 140 yerlik olsa da, burada günün eyni vaxtında uzaqbaşı 20-30 uşağı bir arada görmək mümkündür. Qalanların normativ üzrə kağız üzərində istehlak etmişlərmiş kimi göstərilən ərzaq payları (uşaq gününə düşən faktiki ərzaq xərcləri) isə mənimsənilir. Elə həmin məhdud sayda uşaqlara verilən yeməkdən də oğurlanır. Redaksiya araşdırmalarının aşağıdakı nəticələrini Hesablama Palatasına və prokurorluq orqanına göndərməyi qərara alıb: Beyləqan şəhərində uşaq müəssisələrinin tələbatı, real faktiki xərci tam öyrənilmədiyindən, məktəbəqədər uşaq müəssisələrinə artıq inventar, avadanlıq, eləcə də təsərrüfat malları alınır. Satın alınan malların ehtimal olunan qiymətlərinin düzgün müəyyənləşdirilməməsi, funksional fəaliyyətinə aid olmayan alışların həyata keçirilməsi, “Təhsil ocaqlarında, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi” barədə müvafiq qərarın tələblərinə düzgün əməl edilmir, mərkəzləşdirilmiş qaydada verilən əsas vəsaitlərin uçota qəbul edilməməsi kimi ciddi nöqsanlara yol verilir. Teref.info

Adları çəkilən şəxslərin fikirlərini dinləməyə hazırıq!
 






Fikirlər