Prezident İlham Əliyev avqustun 10-da "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.
"AzerTaym.az" BakuPost.az-a istinadən xəbər verir ki, sərəncama əsasən, tütünçülüyün inkişaf etdirilməsi, tütün emalı sahəsinin dərinləşdirilməsi, bu sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammala olan tələbatının yerli məhsul istehsalı hesabına təmin olunması, gəlirliliyin və ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun yüksəldilməsi məqsədi ilə "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə və İqtisadiyyat nazirlikləri, müvafiq olaraq, hər il dövlət büdcəsinin və dövlət investisiya proqramının tərtibi proseslərində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görməlidirlər.
İqtisadiyyat Nazirliyi ölkədə beynəlxalq standartlara uyğun tütün məmulatı istehsal edən müasir zavodun tikilməsi məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün müvafiq tədbirlər həyata keçirəcək.
Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarının kənd təsərrüfatı texnikası və aqrokimyəvi vasitələrlə təmin edilməsi, seleksiya və toxumçuluq işlərinin, fitosanitar və informasiya-məsləhət xidmətlərinin gücləndirilməsi ilə bağlı zəruri tədbirlər reallaşdıracaq.
Sərəncamda, həmçinin qeyd olunur ki, İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, tədbirlərin icrası barədə ildə bir dəfədən az olmayaraq Prezidentə məlumat verməlidir.