“Azərbaycanda ehsana qadağa qoyulmayıb” -Səyyad Aran
Azərbaycanda yas mərasimlərində israfçılığın qarşısını almaq məqsədilə atılan addımlar müəyyən mənada öz bəhrəsini versə də, digər tərəfdən bunun rüşvətə də yol açdığı müşahidə olunur.
Buna misal olaraq Şəkinin Orta Zəyzid kəndində yaşanan bir hadisə göstərilə bilər. Yayılan xəbərə görə, kənd sakinlərindən biri öz yaxını üçün yas mərasimi keçirmək istəyib. Bu zaman bələdiyyə nümayəndələrinin qadağası ilə qarşılaşan həmin şəxs onlara 70 manat rüşvət ödədikdən sonra hüzr mərasimini istədiyi kimi təşkil edib.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran açıqlamasında yayılan xəbərlə qətiyyən razılaşmayıb:
“Heç kim 70 manata görə öz şəxsiyyətini alçaltmaz. Bunlar hamısı şayiədir. Bəzi saytlar qeyri-dəqiq informasiyalar yazır, sonra məlum olur ki, ümumiyyətlə bu adda adam yoxdur. O gün də ANS-in efirində hacı Surxay deyir ki, “ehsan olub, var və olacaq da. Azərbaycanda ehsanı heç kim qadağan edə bilməz”.
Mən hacıdan soruşmaq istəyirəm ki, ehsanın qadağan olunması barədə hansı səlahiyyətli dövlət nümayəndəsi və vəzifəli şəxs bəyanat verib?! Olmayan bir şeyi niyə deyirsən? Mən sual edirəm: hacı Surxay Prezident Administrasiyasında, Milli Məclisdə, yoxsa Nazirlər Kabinetində işləyir?! Olmayan bir şeyi necə deyə bilir?!
Ehsan illərdən bəri gələn ənənənədir, onu qadağan etmək olmaz. Biz sadəcə əhaliyə tövsiyə veririk ki, israfçılığa yol verməsinlər. Süfrələrdə həddindən artıq yeməklərin təqdimatı xoş deyil, hansısa imkanlı şəxs bunu edir, amma onun kasıb qonşusu edə bilməyəndə mənəvi cəhətdən “sınır”. Biz xalqdan gələn sosial sifarişi yerinə yetirmişik və tövsiyə etmişik ki, ehsan süfrələrində həddindən artıq ifrat israfçılıq aradan qaldırılsın. İnsanlar arasındakı sosial bərabərsizlik soial narazılığa gətirib çıxarır. Biz bunu istəmirik və bunu deyirik”.
Komitə rəsmisi bildirdi ki, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin mövqeyi bəllidir.
“Məhərrəm ayı ilə bağlı verilən fətvada da həm şeyxülislam hacı Allahşükür Paşazadə, həm də komitə sədri Mübariz Qurbanlı tərəfindən bir daha vətəndaşlara izah edildi ki, ehsanla bağlı qadağa yoxdur”.(modern.az)