“Türkiyə Ermənistanla sərhədləri açır” – gündəmə bomba kimi DÜŞƏN İDDİA
Nazirin bəyanatı aranı qarışdırdı – mühüm gəlişmə; Ankara Kremlin layihəsi olan Avrasiya Birliyinə qoşula bilər – türk nazirdən Ərdoğanın Bakı səfəri öncəsi sensasion açıqlama; sərhədlər məsələsi gündəmə qayıdarsa, Azərbaycan üçün həm Avrasiya Birliyi, həm də Qarabağ məsələsində yeni situasiya yaranacaq, çünki... Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Avrasiya İqtisadi Birliyi (AİB) ilə bağlı sensasion sayıla biləcək açıqlama verib. Nazir ölkəsinin bu qurumla anlaşma imzalamaq niyyətində olduğunu deyib. Belə ki, İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı etdiyi çıxışında o bildirib ki, Ankara AİB-lə gömrük anlaşmasını imzalamaq barədə təklif alıb. “Ancaq elə eləmək lazımdır ki, bu, Avropa Birliyi ilə analoji sazişə mane olmasın” - Zeybekçi əlavə edib. İlk baxışda bu bəyanat son vaxtlar istiləşməkdə davam edən Türkiyə-Rusiya münasibətləri, o sırada getdikcə genişlənən iqtisadi-ticari əlaqələrin ruhu və məzmununa uyğundur. Ancaq AİB-də işğalçı Ermənistanın da təmsil olunduğunu, həmçinin Kremlin çoxdandır Azərbaycanı da bu qurumda görmək istədiyini nəzərə alsaq, məsələ sırf iqtisadi aspektdən çıxmış olur və siyasi çalar alır. ***** Təsadüfi deyil ki, nazirin bu açıqlaması Ermənistanda dərhal reaksiya doğurub - özü də öncə rəsmi səviyyədə. Bu da təəccüblü deyil. Ona görə ki, Ermənistan Avrasiya Birliyinin üzvü olmaqla yanaşı, qardaş ölkə ilə həmsərhəd yeganə üzv ölkədir. Üstəlik, türk-erməni sərhədi həll olunmamış Dağlıq Qarabağ məsələsinə görə illərdir bağlı, Ermənistan isə təcriddə saxlanılır.
“AİB-ilə anlaşma imzalamaq üçün qurumun bütün üzvlərinin razılığına ehtiyac var” - bunu türk nazirin bəyanatını şərh edən Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib. Ö növbəsində xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib: “Birincisi, AİB-in gömrük məkanına qoşulmaq Birliyin müqaviləsində nəzərdə tutulmayıb. Bundan əlavə, məhz Türkiyənin bu barədə danışması gülməli görünür, çünki Ankara birtərəfli qaydada Ermənistanla sərhədi bağlayıb - hansı ki, AİB-in Türkiyə ilə yeganə xarici sərhədidir”. İşğalçı ölkənin ekspert dairələrində də məsələ müzakirə predmetinə çevrilib. Bu xüsusda hətta eyforik gözləntilər dilə gətirilməkdədir. Məsələn, musavat.com-un verdiyi məlumata görə, qərbyönlü lragir.am saytı özünün bununla bağlı məqaləsində yazıb: “Türkiyəli nazir iddia edir ki, onlar təklif alıblar. Ancaq nə dərəcədə bu ciddidir, söyləmək çətindir. İstisna deyil ki, bu mövzu rus-türk münasibətlərində oynanılan kartlardan biridir - hansı ilə ki, tərəflər bir-birini ”yoldan çıxarmağa" və bazarlığa girməyə çalışırlar. İstənilən halda, əgər Türkiyə həqiqətən də AİB-lə anlaşma imzalamaq, onun gömrük məkanına qoşulmaq niyyətindədirsə, bundan ötrü Ermənistanın razılığı lazım olacaq. O zaman İrəvan da öz şərtlərini irəli sürə bilər. Məsələn, Türkiyə ilə sərhədlərin ön şərt qoyulmadan açılması şərtini irəli sürə bilərik". ***** Yada salaq ki, Türkiyə-Ermənistan sərhədlərinin qeyd-şərtsiz açılması məsələsi zaman-zaman gündəmə gəlib. Ələlxüsus Qərbin marağında olan bu məsələ hətta 2009-cu ildə “Sürix protokolları”nın imzalanması ilə az qala, reallaşmaq üzrə idi. Lakin Azərbaycanın Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyi son anda bunu əngəllədi. Rəsmi Ankara bəyan elədi ki, Dağlıq Qarabağ məsələsində irəliləyiş olmayınca sərhədlər qapalı qalacaq. Türkiyənin mövqeyi bütövlükdə belədir ki, Azərbaycanın qəbul etmədiyi Qarabağ anlaşmasını Türkiyə də qəbul etməyəcək və əksinə.
Əslində işğalçı ölkənin qismən iqtisadi blokadadan çıxması və Ankara ilə əlaqələr hesabına Türkiyəyə bağlanmağa başlaması Moskvanın regionla bağlı strateji hədəflərinə cavab vermir. Lakin əgər sərhədlər Rusiyanın nəzarətində, AİB çərçivəsində açılırsa, yəni Qərb amili elə də önəm daşımırsa, o zaman Kreml çox təlaşlanmaya bilər. Üstəlik, Türkiyənin ardınca Azərbaycanın da təşkilata üzvlüyü gündəmə gələcəksə, sərhədlərin açılmasının Moskva üçün böyük itkiləri olmaya bilər. Paralel surətdə Qarabağ məsələsində üçlü (Moskva-Ankara-Bakı) və hətta dördlü (Moskva-Ankara-Bakı-İrəvan) formatı aktuallaşa bilər. Bütün hallarda qardaş ölkənin AİB-ə qoşulması ilə regionda yeni bir situasiyanın yaranacağı dəqiqdir. Çünki vurğulandığı kimi, bu, yalnızca iqtisadi və ya gömrük məsələsi deyil. ***** Maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məhz bu qəbildən informasiyaların və iddiaların artdığı dönəmdə, həftəsonu Bakıya səfərə gələcək. Bu səfər bəzi “i”lərin üzərinə nöqtə qoya bilər. “Türkiyənin Avrasiya İttifaqı ilə gömrük razılaşmasını imzalaması Azərbaycanı seçim qarşısında qoya bilər”. Bu sözləri axar.az -a N.Zeybəkçinin məlum bəyanatının erməni mətbuatında sevinclə qarşılanmasını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Qərb ölkələri ilə münasibətləri korlayan Türkiyənin üzünü Rusiyaya tərəf çevirdiyini bildirib: “Avrasiya İttifaqı Rusiyanın başçılığı altında iqtisadi birlikdən daha çox, SSRİ prototipində bir iqtisadi-siyasi təşkilatdır. Əslində Türkiyə Gömrük İttifaqına qoşulmaq niyyətindədir. Ankara bu ölkələrin bazarlarına giriş axtarır və gömrük rüsumlarından azad olmaq istəyir. Bəlkə də bu, Türkiyəyə müəyyən iqtisadi üstünlüklər qazandıra bilər, ancaq həmin addımlarla bağlı proqnozlar verərkən ürəkaçan nəticələrə gəlmək mümkün deyil. Çünki Azərbaycan bir qayda olaraq xarici siyasətdə Türkiyəyə meyilli mövqe nümayiş etdirir. İndiki məqamda Avrasiya Birliyi ilə yaxınlaşmaq üçünsə əsasımız yoxdur” - politoloq deyib. Sözügedən saziş imzalanacağı təqdirdə Ermənistanın bundan sərhədlərin açılması üçün Türkiyəyə qarşı istifadə edə biləcəyi məsələsinə gəlincə, politoloq qeyd edib ki, razılaşmanın imzalanması öz növbəsində Ermənistanla əlaqələrin intensivləşdirilməsini tələb edir: “Ermənilərin şadyanalığı da məhz bununla əlaqədardır. Rusiya və digər ölkələr bundan istifadə edərək sərhədlərin açılması üçün Türkiyəyə təzyiq göstərə bilərlər. Günlərin birində sərhədlərin açılması məsələsi avtomatik olaraq gündəmə gələcək. Xarici siyasətimizi Türkiyə ilə uzlaşdırmağa çalışdığımız üçün bu nümunə Bakıda anlaşılmaya bilər. Türkiyənin Gömrük İttifaqı ilə yaxınlaşması və ya gələcəkdə Avrasiya Birliyinə üzvlük məsələsinin gündəmə gəlməsi geosiyasi planda çox ciddi dəyişiklik vəd edir” Rusiyanın Azərbaycanı Avrasiya Birliyinə üzv etmək üçün çoxdan çalışdığını deyən politoloq güman edir ki, prezident R.T. Ərdoğanın Bakıya səfəri çərçivəsində bütün bu məsələlər müzakirə ediləcək. “Azərbaycan isə öz maraqlarına uyğun olmayan istənilən addımın qarşısını almağa hazırdır”, - deyə Q. Hüseynli əlavə edib.
Bununla belə, sayt Azərbaycan faktoruna görə sərhədin açılmasının elə də asan olmayacağını da etiraf edir: “Anlaşma dərhal Türkiyə-Ermənistan sərhədinin açılması demək olmayacaq. Çünki o halda Ankara Bakı ilə münasibətlərdə problemlə üzləşə bilər, çünki məhz Azərbaycana görə sərhədlər bağlı saxlanılır. Aydındır ki, Türkiyə də öz şərtlərini irəli sürəcək, Rusiya ilə bəzi problemləri, o sırada erməni və Qarabağ problemlərini yoluna qoymağa çalışacaq. Bəs AİB-in başqa üzvləri hansı mövqe tutacaq? Təbii ki, onlar Türkiyənin qoşulmasını dəstəkləyəcək. Rusiya da Ankaraya qarşı tələblər irəli sürəcək. Ancaq maraqlıdır, görəsən, bu tələblər ”erməni müqaviməti" çərçivəsində olacaq, yoxsa daha geniş aspektdə? Beləcə, Ermənistana oyun üçün yeni şans yaranır - özündə böyük və əhəmiyyətli siyasi potensial daşımaqla bərabər, eyni dərəcədə riskli bir şans".