İki kəndli “Azərsu”dan 80 min manatını zorla aldı

İki kəndli “Azərsu”dan 80 min manatını zorla aldı Yasamal Rayon Məhkəməsi “Azərsu” Açıq Səhmdar Cəmiyyətini növbəti dəfə cərimələyib.

Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının vəkili Azər Quliyev məlumat verib.

A.Quliyev bildirdi ki, Yasamal Rayon Məhkəməsində “Azərsu” ASC-yə qarşı mülkiyyətin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddiaya baxılıb.

Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı Qəbələ rayon sakini olan iki nəfər torpaq mülkiyyətçisinin iddiası üzrə 80 min manat cərimələnən “Azərsu” qərardan narazı qalıb: ““Azərsu” qərardan narazı qalaraq apelyasiya şikayəti verib. Qurum beləliklə də vaxt udmağa çalışır. Bu iki şəxsin məhkəmə işi aylardır davam edirdi”.

Vəkilin sözlərinə görə, hazırda daha 5 iddiaçının işinə baxılır: “Noyabrın 20-də Şəki İnzibati İqtisad Məhkəməsində “Azərsu”ya qarşı kompensasiya və dəymiş zərərin ödənilməsi üzrə iddiaya baxıldı. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi mülkiyyətçinin müraciətinə üç fərqli cavab vermişdi. Buna görə də ekspertiza təyin edildi, komitənin mütəxəssisləri rəy verdilər. Yenə də torpaq mülkiyətçisinə zərər dəydiyi təsdiqləndi”.

Torpaq mülkiyətçiləri dəymiş zərərin müqabilində 30-50 min manat kompensasiya tələb edirlər. Məhkəmə mülkiyətçilərin iddiasını təmin edərsə “Azərsu” daha 5 iddiaçıya təxminən 200 min manatdan artıq cərimə ödəməli olacaq.

Onu da xatırladaq ki, Nazirlər Kabinetinin 24 fevral, 2006-cı il tarixli, 42S saylı sərancamına əsasən Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi layihəsinin idarə edilməsi və sifarişçi funksiyalarının icrası “Azərsu” ASC-yə həvalə edilib. 2010-cu ildə kəmərin rəsmi açılışı olub. Su kəməri Azərbaycanın 8 rayonunun ərazisindən keçir. 3257 torpaq mülkiyyətçisinin əksəriyyəti hələ də kompensasiya ala bilməyib.






Fikirlər