Dövlət katibi prezidentə təkcə “gicbəsər” deməyib, üstəlik biədəb söyüş də SÖYÜB...
ABŞ-da dövlət katibi Reks Tillersonun prezident Donald Trampı “gicbəsər” adlandırması xəbərləri ətrafında qalmaqal səngimir. Virtualaz.org Qərb KİV-lərinə istinadən xəbər verir ki, bundan əvvəl Tillerson Trampla münasibətlərinin yaxşı olmadığını təkzib edib və istefa vermək niyyətində olmadığını deyib. Lakin Trampı Pentaqonda keçirilən toplantıdan sonra “gicbəsər” adlandırdığı haqda NBC News telekanalının xəbərini təkzib etməyib. Bunun əvəzində o bu iddiaları "xırda söz-söhbət" kimi rədd edib və prezidentə mədhiyyələr yağdırıb. Lakin onun bu bəyanatlarından bir neçə dəqiqə sonra CNN bildirib ki, Tillerson Trampı “gicbəsər” adlandırıb və bu Trampa çatdırılıb. Bunun ardınca Dövlət Departamentinin sözçüsü xanım Heather Nauert ayrıca mətbuat konfransı keçirib və Tillersonun Trampı ipləmə adlandırmasını təkzib edib. Nauert deyib ki, bu söz-söhbəti Tillersonun istefasını istəyənlər yayırlar, amma belə dedi-qodu dövlət katibinin mövqeyini daha da gücləndirir. Tillerson deyib ki, prezidenti çərşənbə günü səhər görməyib, amma Trampın Tillersonun çıxışını izləməsi aşkar idi. Çünki prezident bu çıxışdan az sonra növbəti tvitini yazıb: "Dövlət katibi Tillerson və vise-prezident Pens NBC News kanalının xəbərini tamamilə rədd ediblər. Bu saxta xəbərdir. Onlar AMERİKADAN üzr istəməlidirlər". Lakin Tillersonun bəyanatlarından sonra NBC müxbiri MSNBC kanalının aparıcısı Stefani Ruhla istinadən yazıb: "Mənim mənbəmin xəbərinə görə o ona təkcə “gicbəsər” deməyib və bu sözdən əvvəl biədəb söyüş də işlədib".
"The Guardian" yazır ki, prezidentin yanlış hərəkətləri onun ətrafında çox sayda belə böhranlar yaradır. Məqalədə deyilir ki, Trampın özü də tabeçiliyində olanları söyüşlərlə və başqa aşağılayıcı sözlərlə təhqir edir. Bu yaxınlarda Tillerson Çində olarkən demişdi ki, "Vashington və Pxenyan arasında məxfi kommunikasiya kanalı var və biz bu kanalla ünsiyyətdə oluruq". Bundan hirslənən Tramp Tvitterdə yazırdı ki, dövlət katibi vaxtını "balaca raket adamla" danışqılara zay eləməsin: "Enerjini qoru, Rex, biz lazım olanı edəcəyik". Tillersonun istefa verəcəyinə dair söz-söhbət yaydan gedir və bunun səbəb olmamış deyil. "The Guardian" yazır ki, Tillerson ötən yay oğluna toy etmək üçün Texasa gedəndə, onun əvəzində gənclərin "Boy Scouts of America" təşkilatının toplanışına Tramp müraciət etmiş və bütün çıxışını özünü tərifləməyə həsr etmişdi. Özünü skautların hamisi sayan və bu təşkilatı çox sevən Tillerson Trampın hərəkətindən o qədər əsəbiləşmişdi ki, Vashingtona qayıtmayacağı ilə hədələmişdi. NBC xəbər verirdi ki, müdafiə naziri Ceyms Mettis və Ağ Ev administrasiyasının rəhbəri general Con Kelli dövlət katibini "təhlükəsizlik naminə" istefa fikrindən zorla daşındırmışdılar. Deyilənlərə görə, Tillerson Vashingtona qayıdanda onu Tram-la vitse-prezident Pens barışdırmışdı. Tillersonun sözçüsü RC Hammond bu hadisədən və prezidentin “gicbəsər” adlandırılmasından xəbərsiz olduğunu söyləyib. Tilleresonun ətrafında yaranmış bu qasırğa ilə əlaqədar suala cavab verən Senat xarici əlaqələr komitəsinin sədri Bob Corker deyib ki, o dövlət katibi Tillersonun , nazir Mettisin və administrasiya rəhbəri Kellinin "xaosa" yol verməyəcək qədər səriştəyə malik olduqlarına inanır. Twitter istifadəçiləri bu qalmaqaldan fürsətlənərək Tramp-ın 2014-cü ildə yazdığı bir tviti təkrar dövriyyəyə buraxıblar. Bu posta qoşulmuş karikaturada Amerikanın tarixi ataları təsvir edilib. Şəkil sözündə belə yazılıb: "Görəsən, biz adamların bir gicbəsəri prezident seçəcəkləri hal üçün də konstitusiyaya maddə əlavə etməliyikmi?".