PUTİN Əliyevdən MÖHLƏT istəyib - ilginc İDDİA

Prezidentlərin Soçi görüşü ilə bağlı mühüm detal; Kremlin Bakıya işi düşüb; Rusiyadakı kritik mart seçkilərinədək Azərbaycan sarıdan Qarabağda arxayın olmaq üçün Rusiya liderinin prezident İlham Əliyevdən zəmanət istədiyi deyilir; bəs nəyin qarşılığında - marta qədər konfliktin həllində dönüşmü olacaq? - Rusiyalı politoloq danışır...

“Yeni Müsavat” qəzetinin ötən sayında Rusiyada gələnilki kritik prezident seçkilərinə təxminən 5 ay qalmış prezident Putinin “artan qayğıları”ndan yazmışdıq. “Kremlin 2018 mart hədəfi - Bakıya sürpriz edilə bilər” sərlövhəli təhlili yazıda vurğulanırdı ki, həmin seçki baryerini aşıb Rusiyaya daha 6 il rəhbərlik eləmək üçün Kremlin hazırkı başçısı həm daxili, həm də xarici siyasəti korrekt edib özünün və komandasının imicini, PR işini gücləndirmək zorundadır.

Xarici siyasətdəki uğurlar deyəndə təbii ki, Kremlin Azərbaycanı da daxil etdiyi “Yaxın xaric” ölkələrinə münasibətdə aparılan siyasətdə götürə biləcəyi yeni siyasi dividentlər də nəzərdə tutulur. Yazıdan sitat: “Azərbaycana gəlincə, ola bilsin, Qarabağ məsələsində hansısa simvolik irəliləyiş (bir neçə rayonun azad edilməsi qarşılığında) Moskva Dağlıq Qarabağda sülhməramlı adı altında öz hərbi kontingentini yerləşdirmək və Azərbaycanlın Avrasiya Birliyi və Gömrük İttifaqına qoşulması üçün Bakıya diplomatik təzyiqləri artırsın, daha israrlı tövr sərgiləsin. Ayrı sözlərlə desək, seçkilərədək, Azərbaycan yəqin ki, Putinin məxsusi ”diqqətində" olacaq. Nəzərə alsaq ki, gələn il Azərbaycancanda da prezident seçkiləri keçiriləcək, o zaman Moskvanın  bu “diqqəti” rəsmi Bakı üçün ikiqat önəm daşıyacaq və bəzi başqa təhdidləri də özündə ehtiva edə bilər (Misal üçün, “Milyarderlər ittifaqı” ilə bağlı “təcrübə”ni yada salmaq olar)".                 

*****

Belə görünür, qubernatorları bir-bir dəyişdirilən Rusiyada yaxınlaşan mart seçkisi doğrudan da rəsmi Moskvanın böyük narahatlığına çevrilməkdədir - həm də Qarabağda mümkün müharibə kontekstində. Bunu tanınmış rusiyalı analitik və politoloq Vladimir Yevseyin açıqlamaları bir daha təsdiq edir.

Musavat.com-un məlumatına görə, AzadlıqRadiosunun erməni redaksiyasına müsahibəsində rusiyalı ekspert öncə bildirib ki, 2017-ci ilin iyulunda Soçidə Rusiya və Azərbaycan prezidentləri - Vladimir Putin və İlham Əliyev arasında görüşdən sonra təmas xəttində gərginlik qismən səngiyib.  Ardınca isə o, ilginc sayıla biləcək bir iddia səsləndirib.

Politoloqun qənaətincə, Qarabağ cəbhəsində nisbi sakitlik gələn ilin martında Rusiyada gözlənilən prezident seçkiləri ilə birbaşa bağlıdır. “Fikrimcə, Moskva Soçi görüşü zamanı regionda sabit situasiyanın saxlanması ilə bağlı İlham Əliyevdən bəzi zəmanətlər alıb” - ekspert əlavə edib.

Bəs bu zəmanətin qarşılığında Putin nə təklif edib? Nəzərə alsaq ki, Qarabağ məsələsi, sülh-müharibə mövzuları Azərbaycan üçün “qırmızı xətlər”dir, o zaman demək olarmı ki, Putin azərbaycanlı həmkarına əvəzində nəsə təklif edib? Bu, martadək Qarabağ məsələsində ciddi dönüş təminatı ilə bağlı ola bilərdimi, yoxsa Moskvanın təminatı eyni ildə  - oktyabrda Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə ilgili olub? (Yeri gəlmişkən, oktyabr seçkilərinədək Qarabağ məsələsində hansısa uğur Azərbaycan hakimiyyətinin də maraqlarına cavab verir).

Təəssüf ki, bu barədə rusiyalı analitik heç nə deməyib. Ancaq maraqlısı həm də budur ki, gələn ilin martından cəmi bir ay sonra - apreldə işğalçı Ermənistan prezident üsul-idarəsindən parlamentli idarəçiliyə keçəcək. Xarici siyasət, o sırada Qarabağ məsələsində əsas söz sahibi prezident yox, baş nazir, daha dəqiqi, parlament olacaq. Bu isə o anlama gəlir ki, İrəvanla sülh anlaşması apreldən sonra daha da çətinləşə, müharibə ehtimalı arta bilər. Çünki yeni parlament, faktiki, “müharibə partiya”sından ibarətdir. Düzdür, prezidentlik müddəti bitməkdə olan Serj Sərkisyan da o sıraya, qırğılara aiddir. Ancaq bir var, Qarabağla bağlı hansısa anlaşmaya görə bir nəfərlə danışıb anlaşasan, bir nəfər məsuliyyət daşısın, bir də var, onlarla radikal deputatın mövqeyini ciddiyə almalı olan baş nazirlə.   

Deməli, Dağlıq Qarabağ məsələsində hansısa irəliləyişə nail olub müharibə riskini minimuma endirmək, paralel surətdə Rusiyanın bölgədəki dayaqlarının daha da möhkəmlətməkdən ötrü Putinə marta qədər Sərkisyanla anlaşmaq daha asan və əlverişli görünür. Hətta unikal şans təəssüratı bağışlayır.   

Əlavə edək ki, Soçidə Əliyev-Putin görüşündən təxminən bir ay sonra Putin Sərkisyanla da bir araya gəlib - təkbətək. (müsavat.com)

 






Fikirlər