ZƏNGİLANın işğalından 24 İL ÖTÜR

Image result for zəngilan

Azərbaycanın Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 24 il ötür

 

1993-cü il oktyabrın 29-da erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında sonuncu rayonun - Zəngilanın işğalını başa çatdırıblar.
Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşublar. Oktyabrın 25-dən etibarən 4 gün ərzində Zəngilan rayonunun əhalisi vuruşaraq 235 nəfər şəhid və itkin verib. Amma erməni tankları dörd tərəfdən rayona hücuma keçiblər və zəngilanlılar silahlı birləşmələrinin qarşısını ala bilməyiblər.
Ermənilərin Zəngilanda ikinci Xocalı faciəsini törətmək istəyi alınmayıb. Sakinlər cəld tərpənərək özlərini Araz çayına atmaqla İran ərazisinə keçiblər və bununla da gözlənilən növbəti soyqırımından xilas olublar.
Ərazisi 707 kvadrat kilometr olan Zəngilan rayonu işğal olunanda əhalisi 35,6 min nəfər olub. Hazırda Zəngilanın 42874 nəfər əhalisi var.
Zəngilan rayonu eyni adlı şəhərdən, Mincivan qəsəbəsindən və 83 kənddən ibarətdir. Rayonda 14 tibbi müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəhsil məktəbi, 23 klub, 8 mədəniyyət evi, 3003 min cild kitab saxlanılan 70 kitabxana olub. Zəngilanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı-üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.
İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağıdılıb. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmiryol xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alınıb.
Hazırda ermənilər Zəngilan rayonu ərazisində ekoloji terroru davam etdirirlər.
Ermənilərin törətdiyi mütəmadi yanğınlar nəticəsində rayon ərazisinin böyük bir hissəsi külə dönüb, yaşıllıqlar, qoruqlar, qiymətli ağaclar ermənilər tərəfindən tamamilə qırılaraq məhv edilib.
"AzerTaym.az"






Fikirlər