23-cü ildir ki, 1993-cü ildə işğal edilmiş digər bölgələrimiz kimi, Zəngilan haqqında da bu sözləri deyirik: “İnşallah, gələn Yeni İli, gələn Novruzu Zəngilanda keçirərik!..”.
Amma dünyanın və regionun mövcud gerçəklikləri bu arzunu həqiqətə çevirməyə hələ ki, imkan vermir. Gücümüz hələ ki, BMT-nin qətnamələrini təkrarlamağa, ATƏT-in filan sammitindəki prinsiplərini sadalamağa, Qarabağdakı qeyri-qanuni “seçkilərə” və digər “rəsmi” tədbirlərə qarşı bəyanat verməyə, bir də ermənilərin faktiki yaşadıqları ərazimizdəki quruma qondarma deyib, adını dırnaq arasında yazmağa çatır. Üstəlik, biz nə qədər dırnaqarası baxsaq da, ermənilər XX əsrdə Qərbi Azərbaycan torpaqlarından əlavə, 10-dan çox şəhərimizə, 1000-dən çox kənd və qəsəbəmizə pis-yaxşı sahibləniblər. Və işğal altındakı digər bölgələrimizə aid ediləcək bir gerçəklik də budur ki, biz Bakıda Zəngilan qaçqınlarını Müşfiqabadda yaraşıqlı evlərə yığdığımız, süni “Zəngilan şəhərciyi” yaratdığımız bir vaxtda ermənilər Zəngilanın özündə yeni yaşayış binası, yeni bağça, yeni xəstəxana tikir və üstəlik, oraya Suriya qaçqınlarını da yığırlar. Və bu gün o torpaqlarda de-fakto Zəngilan rayonu yoxdur. “Kaşatak rayonuna” daxil olan “Kovsakan şəhəri” var.
Və Azərbaycanın Zəngilan adlandırdığımız tarixi məkanını və konkret Zəngilan şəhərini gerçəkdən Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov deyil, “Kaşatak rayonunun icra başçısı” Suren Xaçaturyan və “Kovsakan şəhər inzibati idarəsinin başçısı”, Zəngilanda yeni uşaq bağçasının lentini kəsən, binaları təmir etdirən erməni dığası Razmik Markaryan idarə edir...
Zəngilan rayonu və şəhərinin hazırkı durumu, ermənilərin orada gördüyü işlər barədə araşdırmalarımız davam edir. Bu haqda növbəti yazılarımızda bəhs edəcəyik!