Nə idi bu xalqın günahı?

Elə bir insan tapılmaz ki, doğulduğu, iməkləyib yeridiyi, dil açıb danışdığı yeri, yurdu sevməsin. Doğma yurduna dönük çıxan insan heç vaxt ölkəsini, dövlətini, xalqını sevə bilməz. Artıq 23 ildir ki, doğma rayonum olan Zəngilan, doğulduğum, iməkləyib yeridiyim, dil açdığım yer erməni qəsbkarlarının tapdağı altındadır.

Nə qədər “İnşallah, gələn il Zəngilanda olarıq” demək olar?! Vaxtilə çörəyimizi yeyən, qapımızda nökərçilik edən, saya salmadığımız ermənilər, bizə faciə, zülm yaşatdılar. 35 min əhalisi olan bu rayonun sakinləri respublikanın müxtəlif yerlərinə səpələndi, hərə bir tərəfdə məskunlaşdı – yataqxanalarda, zirzəmilərdə, daha haralarda…

 Nə idi bu xalqın, camaatın, el-obanın günahı? Görəsən, nə vaxt ev-eşiyimizə qayıda, ata-babalarımızın qəbrini ziyarət edə biləcəyik?! Nə qədər “İnşallah, gələn il Zəngilanda bunu edək, onu edək” arzusu ilə yaşamaq olar?! Bircə onu bilirəm ki, 23 ildir ki, sülh yolu ilə torpaqlarımızı boşaltmayan Ermənistan ordusu bundan sonra da bunu etməyəcək. Fikrimcə, torpaqlarımızın mənfur düşmənlərdən alınmasının bir yolu var, o da müharibədir. Əminəm ki, müharibənin olmasını istəyənlər də daha çoxdur. Buna əyani sübut kimi “Aprel döyüşlərini” göstərmək olar. Çünki biz torpaqlarımızı azad etməli və şəhid olmuş bacı-qardaşlarımızın qanını nəyin bahasına olursa-olsun yerdə qoymamalıyıq. 1 günlük təbliğatla nəsə əldə etmək olmaz. Bu gün Zəngilanın işğal günüdür deyə, bütün KİV-lərdə bu məlumatlara yer veriləcək. Amma 1 günlük təbliğatla nəsə əldə etmək olar?! Əlbəttə ki, yox! Bu təbliğatsızlığın nəticəsidir ki, bəzi insanlar var ki, işğal altında olan torpaqlarımızın adını belə bilmir. Bizim bəzi KİV-lər vətənpərvərliyi təbliğ etmək əvəzinə, şou xarakterli xəbərlərə yol verməklə məşğuldurlar. Səbəbi isə daha çox izləyici əldə etməkdir. Ona görə də, bəzi insanlar tanımadığı hansısa türk müğənnisi haqqında çox məlumatlıdır. Nəinki, Azərbaycanımız, şəhidlərimiz, işğal altındakı torpaqlarımız haqda. Qələbənin yaxında olacağı ümidi ilə..

 Biz Prezidentimizə və ordumuzun gücünə inanırıq. Həm də ona inanırıq ki, biz gec-tez mənfur ermənilərə layiqli cavabı verəcəyik. Bunun üçün biz vətəndaş olaraq vəzifəmizdən, peşəmizdən asılı olmayaraq vətənimizə, dövlətimizə düzgün xidmət etməliyik. Qələbənin yaxında olacağı ümidi ilə..






Fikirlər