Bakı bulvarı Yeni ili necə qarşılayacaq?
Bunu Trend-ə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.
Onun sözlərinə görə, yolkaların 8-nin hündürlüyü 7-10 metrədək, 2-nin hündürlüyü isə 20 metrdən artıq olacaq. Böyük yolkaların biri Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı meydançada, digəri isə yeni bulvarda – Əl Oyunları Sarayından Dövlət Bayrağı Meydanına qədər olan ərazidə quraşdırılacaq. Hər bir yolkanın ətrafında bir Şaxta Baba və bir Qar Qız fəaliyyət göstərəcək. Yolkalar hazır olduqdan - dekabrın 20-dən sonra bulvarda Şaxta Baba və Qar Qızın fəaliyyətə başlayacağı gözlənilir.
N.Məcidov bildirib ki, dekabrın 20-dən başlayaraq bulvarın bir hissəsində “işıq şou”su keçiriləcək. Bu şou təxminən yanvarın 5-dək hər axşam olacaq: “İşıq şousu çox maraqlı olacaq. Bulvardakı təbii şam ağacları cürbəcür bəzənəcək və onlar işıqlandırılacaq”.
O, dekabrın 31-də bulvarda atəşfəşanlığın olacağını da söyləyib.