"KİV-in fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciət yolverilməzdir" - Rizvan Cəbiyev
"Ümumiyyətlə, hər hansı bir KİV-in fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciəti yolverilməz hesab edirəm. Kütləvi informasiya vasitəsi özünü həm iqtisadi, həm də qanunvericiliyə uyğun qura bilmədiyinə görə məhkəməyə verilə bilər, sanksiyalara da məruz qala bilər. Ancaq bunun fəaliyyətin dayandırılmasına yönəldilməsini demokratik prinsiplərə zidd hesab edirəm. O zaman da bunun əleyhinə olmuşam, indi də əleyhinəyəm".
R.Cəbiyev ölkə televiziyaları ilə bağlı fikirlərini də Aktual.az-a bölüşüb:
"Mən bayağı proqram və şou verilişlərinə görə ölkə kanallarının əksəriyyətinə baxmıram. Bəzi verilişlər var ki, yaxşıdır, xalqa xidmət edir. Ümumən, xalqın xeyrinə olan, onun marağına yönəldilən verilişləri izləyirəm. Əslində televiziyanın xidməti də bundan ibarətdir. Ölkə televiziyalarının əksəriyyətində Azərbaycan dilinin qayda-qanunları kobud şəkildə pozulur. Daha çox Türkiyə və Rusiya telekanallarını izləyirəm".
Məlumat üçün bildirək ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanuna edilən yeni dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsi (KİV) artıq məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində 2 dəfə məsuliyyətə cəlb edildikdə, onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Layihə dekabrın 16-da MM-in iclasında müzakirəyə çıxarılacaq.