Rusiyanın QARABAĞ PLANI: 2018-ci ilin YAYINA QƏDƏR...
“Qarabağ ətrafında iki vəziyyət yaranıb. Birincisi, sabitlikdir. Hesab etmək olar ki, Rusiyada prezident seçkilərinə görə Moskva və Bakı sabitliyin qorunmasında razılığa gəlib. İkincisi isə bunun əksinədir. Çünki münaqişənin nizama salınması üzrə heç bir irəliləyiş yoxdur. Bu baxımdan, gələn ilin yayına qədər Qarabağda müharibənin başlamasını istisna etmirəm”. Publika.az xəbər verir ki, bu barədə MDB ölkələri institutunun direktor müavini, erməniyönlü mövqeyi ilə seçilən Qafqaz bölməsinin rəhbəri Vladimir Yevseyev erməni mediasına müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda Rusiya gərginliyin azaldılmasına çalışır.
“Lakin buna nə qədər nail olacağını demək çətindir. Məlumdur ki, məsləhətləşmələr gedir. Digər tərəfdən, Qarabağda müharibə əsas oyunçulara – Rusiya, ABŞ, Türkiyə - lazım deyil. Çünki regionda beynəlxalq layihələr var. Qarabağ yeganə münaqişədir ki, Rusiya və ABŞ-ın maraqları uzlaşır. Hesab edirəm ki, Rusiya indi münaqişənin dondurulması üçün tədbirlər görür. Lavrovun Bakı və İrəvana səfərinin səbəbi də məhz münaqişənin dondurulmasına nail olmaqdır. ABŞ da aktiv şəkildə sabitliyin təmin olunmasına çalışır. ABŞ anlayır ki, Qarabağda yeni müharibə mümkündür. Əgər Rusiya münaqişənin dondurulmasına nail ola bilməyəcəksə, onda Qarabağda müharibə qaçılmazdır”, - deyə o bildirib.