Generalın oğluna yüngül cəza istənildi - Zərərçəkmişlə BARIŞIB
Bu gün Binəqədi rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucovun və hadisə zamanı onun yanında olan Kənan Vəliyevlə Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rəşad Əliyevin icraatında olan prosesdə R. Orucovun vəkili Kamandar Nəsibov müvəkkilin ittiham edildiyi maddənin tövsif edilməsini istəyib. “Xuliqanlıq maddəsi qəsdən sağlamlığa yüngül zərər vurma maddəsinə tövsif edilsin və Rüstəm Orucovun bu əməli ilk dəfə törətməsi və zərərçəkmişlə barışması nəzərə alınaraq o, cinayət məsuliyyətindən azad edilsin”. Digər təqsirləndirilənlər - K.Vəliyev və P.Abbasovun vəkilləri isə onlara bəraət verilməsini istəyiblər. Məhkəmə prosesi dekabrın 6-da davam etdiriləcək. Xatırladaq ki, prokuror çıxışında Rüstəm Orucovun 6 il, digər təqsirləndirilən şəxslərin isə 3 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib. Ötən iclasda dövlət ittihamçısı çıxış edərək R.Orucovun 6 il, K.Vəliyevlə P.Abbasova isə 3 il 6 ay müddətinə cəza verilməsi istəyib. Qeyd edək ki, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. Qeyd edilməlidir ki, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib. Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Digər təqsirləndirilənlər - K.Vəliyev və P.Abbasov isə həbs edilməyib, onlar polisin nəzarətinə verilməklə azadlığa buraxılıblar. Qeyd edək ki, R.Orucovun atası general-mayor Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini olub, bu hadisədən sonra prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad edilib.