“Ölkəni daş dövrünə qaytaracağıq!” – İsraildən MÜHARİBƏ ELANI
İran Livanda müasir raket mərkəzi qurur. Publika.az xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanın xəbər portalı “Elaph”a müsahibəsində İsrailin Kəşfiyyat naziri Yisrael Katz bildirib. “İran Livanda müasir raket mərkəzi inşa edir. Bu, bizim “qırmızı xətt”imizdir. Nəyin bahasına olursa-olsun, buna icazə verməyəcəyik. Hərbi müdaxilə ilə buna mane olacağıq, eynilə Suriyada olduğu kimi. Daha geniş və güclü bir hücum olacaq, bu dəfə bütün Livan hədəf alınacaq”, - o bildirib. Müsahibədə İsrailin 2006-cı il müharibəsində “Hizbullah”a məğlub olaraq Livandan geri çəkilməyə məcbur olması xatırlanıb. 11 il əvvəl baş verənləri bir pikniklə müqayisə edən Katz “sizə deyirəm, Livanı daş dövrünə qaytaracağıq” deyə xəbərdarlıq edib. Livanı təhdid edən nazir həmçinin, ölkəsinin müharibə istəmədiyini bildirib. Daha əvvəl Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazdığına görə, İsrail ordusunun 2017-ci ildə həyata keçirdiyi hərbi təlimlər ölkənin Livan istiqamətində yeni bir müharibəyə hazırlaşdığını göstərir.