Səməd SEYİDOV: “ƏRDOĞANIN mənə TƏŞƏKKÜR etməsi...”

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın AŞPA-da Türkiyə ilə bağlı çıxışıma görə təşəkkür etməsi mənim üçün böyük şərəfdir. Türkiyə bizim canımız, döyünən ürəyimizdir. O qiymət mənə deyil, Azərbaycan-Türkiyə münasibətlərinə verilib."

    Bu sözləri Azərbaycanın AŞPA yanında nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov Anadolu agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin münasibətləri bu gün bütün ölkələr üçün örnəkdir: “Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qardaşdırlar. Ona görə Türkiyənin hər problemi Azərbaycanın problemidir. Sevinci bizim sevincimiz, kədəri də kədərimizdir. AŞPA-da kimsə Türkiyəyə qarşı həqiqətdən uzaq bir söz desə, Azərbaycan öz səsini yüksəldəcək. Bu, əvvəl də belə idi, bundan sonra da bu cür qalacaq, bir deputat, bir türk, bir azərbaycanlı kimi. Mən də öz növbəmdə cənab Ərdoğana dərin minnətdarlığımı bildirirəm”.

Səməd Seyidov qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentlərinin siyasəti AŞPA-da eşidilir və bundan sonra da eşidiləcək: “Biz də bir əsgər kimi prezidentlərin əmrlərini yerinə yetirməyə hər zaman hazırıq. AŞPA-da Türkiyə və Azərbaycana qarşı ədalətsiz yanaşma görürük. Biz çıxış edəndə çıxış xatirinə etmirik, dərdimiz, problemlərimiz, ağrılı məsələlərimiz, işğal, torpaqlarımızın Ermənistan, PKK, İŞİD tərəfindən zəbt edilməsi haqda danışırıq. Ədalətə, düz sözə ehtiyacımız var. Avropa bunu başa düşmür ki, bu gün Türkiyə təkcə özü üçün yox, Avropa üçün də savaşır. Türkiyə bütün dünya üçün mübarizə aparır. Türkiyə bu gün ən çətin missiya həyata keçirir. Bunu görməmək ən azı ədalətsizlikdir. Biz görürük ki, ədalətsizlikdən başqa xoş olmayan münasibət də var”.

Xatırladaq ki, Səməd Seyidov Türkiyə Silahlı Qüvvələrinin başlatdığı Zeytun budağı əməliyyatı ilə bağlı aparılan müzakirələr zamanı çıxışında bu əməliyyatın işğal və ya hücum olmadığını bəyan edib. O, Afrin əməliyyatının İŞİD və PKK adlı iki terror təşkilatına qarşı hərəkat olduğunu söyləyərək əsas hədəfin bölgənin terror təşkilatlarından təmizlənməsi olduğunu bildirib.

"AzerTaym.az"

 






Fikirlər