Prezidentin SEÇKİ İLİ strategiyası - ÜÇ MÜHÜM məsələ

Dövlət başçısı İlham Əliyev konfransdakı çıxışında müstəqil siyasət, dövlət təhlükəsizliyi və sosial rifahı önə çəkdi; bu çıxış təkcə hakimiyyətə gəldiyi 2003-cü ildən bu vaxtadək görülən işlərin hesabatı deyil, oktyabrda keçiriləcək prezident seçkisinə hazırlıq proqramıdır

Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqi bir neçə aspektdən diqqət çəkdi.

Bu çıxış təkcə İlham Əliyevin hakimiyyətə gəldiyi 2003-cü ildən bu vaxtadək görülən işlərin hesabatı kimi deyil, bu ilin oktyabrında keçiriləcək prezident seçkisinə bəlkə də start  hesab oluna bilər. Təsadüfi deyil ki, dövlət başçısı çıxışını 2003-cü il prezident seçkisini xatırlatmaqla başlayıb. “2003-cü il prezident seçkisi ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi” deyə, dövlət başçısı bildirib.

Dövlət başçısı hakimiyyətdə olduğu 14 il ərzində Azərbaycanın həm iqtisadi, həm siyasi uğurlara imza atdığını qeyd edib.

Prezidentin çıxışında iqtisadi hesabatlara keçmədən öncə ölkəmizdə təhlükəsizlik və sabitliyin təminatına vurğu etməsi diqqət çəkir. Hətta opponentləri də etiraf edirlər ki, İlham Əliyevin hakimiyyətdə olduğu illərdə ölkənin   xarici müdaxilələrdən, eləcə də vətəndaşların təhlükəsizliyi istiqamətində mühüm işlər görülüb ki, bu da təkcə sərhədlərin etibarlı qorunması hesabına başa gəlməyib. Bu, çox çətin regional şərtlər daxilində balanslı və ağıllı siyasət nəticəsində əldə edilmiş mühüm nailiyyət, hətta nemətdir ki, bunun nəticəsini bütün xalq görməkdədir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın yerləşdiyi regiona Qərbdən müdaxilələr nəticəsində tez-tez yaranan gərginlik, Yaxın Şərqdə, eləcə də bəzi keçmiş sovet respublikalarındakı daxili dartışmalar fonunda sabitlik faktorunu xüsusi qeyd etməkdə haqlıdır, daha doğrusu, bu, dövlət başçısının haqqıdır. Çıxışının sonrakı hissəsində prezident bu məsələyə yenidən qayıdaraq ölkədəki siyasi və iqtisadi stabilliyin əsas açar səbəbini də açıqlayıb: “İqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmirlər, yaxud da ki, aparmaqda çətinlik çəkirlər. Biz isə tam müstəqil siyasət aparırıq, bütün məsələlərlə bağlı bizim öz mövqeyimiz var və bu mövqeyi çəkinmədən ifadə edirik. Biz bütün prinsipial məsələlərlə bağlı beynəlxalq kürsülərdən səsimizi ucaldırıq, ədaləti və qanunun aliliyini təbliğ edirik və müdafiə edirik”. Prezidentin “müstəqil siyasət” dedikdə yalnız Qərb dairələrindən ölkədəki vəziyyətlə bağlı hərdən çox qərəzli hesabatlarının hakimiyyətin ümumi siyasətinə təsiri olmadığı nəzərdə tutulmur. Müstəqil siyasət dövlətin mənafeyinin və maraqlarının hər şeydən önə qoyulmasıdır ki, bunu həm enerji  və kommunikasiya layihələrinin icrasında, həm beynəlxalq və regional məsələlərdə ortaya qoyulan iradə sübut edir.            

Prezidentin çıxışında müstəqil siyasətin nəticəsi kimi ötən il valyuta ehtiyatlarımızın artırılmasını qeyd etməsi bu mühüm məsələdə mənzərəni tamamlayır: “Baxmayaraq ki, keçən il büdcəmiz də builki kimi deyildi, bundan az idi, eyni zamanda, neftin qiyməti də hələ aşağı səviyyədə idi, biz düzgün siyasət, maliyyə sahəsində nizam-intizamı gücləndirmək nəticəsində valyuta ehtiyatlarımızı 4,5 milyard dollar artırmışıq. Əminəm ki, bu il valyuta ehtiyatlarımız əhəmiyyətli dərəcədə artacaq”. Prezidentin çıxışından daha bir sitata diqqət  yetirək: “Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir”.

Prezident çıxışında ikinci mühüm məqama-iqtisadi inkişaf və investisiya layihələri haqda hesabata məhz sabitliklə əlaqələndirərək keçid edib: “Sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət bunu təsdiqləyir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir”.

Dövlət başçısı çıxışında sonuncu sitatını möhkəmləndirən faktları konkret rəqəmlərlə dilə gətirib, çünki sosial rifah seçki ilində ən mühüm faktorlardan hesab olunur. Azərbaycan prezidentinin çıxışında vətəndaşın sosial vəziyyətinin daima diqqətdə saxladığını, eləcə də bununla bağlı hazır proqramı olduğunu görə bilərik.  

“Maaşlar 14 il ərzində beş dəfədən çox, pensiyalar səkkiz dəfədən çox artıb və bir çox önəmli sosial layihələr icra edilib. Biz sosial infrastrukturla bağlı böyük işlər görmüşük, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmişdir, 43 Olimpiya İdman Kompleksi inşa olunmuşdur. Bu da böyük vəsait tələb edən layihələrdir. Ancaq bu layihələr sosialyönümlü layihələrdir, ona görə investisiya proqramımızda daim bu layihələr var. Bu ilin investisiya proqramına əsasən də kifayət qədər sosial layihələr icra ediləcəkdir” deyə,  dövlət başçısı qeyd edib. 

Dövlət başçısı Azərbaycanda gələcək nəsillər üçün də proqram üzərində iş getdiyinin anonsunu  verib ki, bu da xüsusi diqqətə layiqdir. Məsələn, dövlət başçısı deyib ki, “artan əhali, eyni zamanda bizdən buna adekvat iqtisadi inkişaf tələb edir”. Sitat: “Biz 14 il ərzində ölkəmizdə 1,9 milyon iş yeri yaratmışıq ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Ancaq əhali 1,5 milyon nəfər artıb. Bəli, bu vətəndaşlar hələ ki yeniyetmə və uşaqdırlar, ancaq bir neçə ildən sonra onlar işlə təmin olunmalıdırlar. Biz bu sahəyə çox böyük diqqət verməliyik ki, Azərbaycanda işsizlik daim aşağı səviyyədə olsun. Necə ki, görülən işlər nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Biz birinci proqramın icrasına başlayanda yoxsulluğun səviyyəsi 50 faiz idi, indi isə 5,4 faizdir”.

Prezidentin çıxışında daha bir məqama da diqqət yetirmək lazım gəlir: Azərbaycanın inkişafı fonunda işğalçı Ermənistandakı ağır sosial durum. Doğrudur, prezident çıxışında  müqayisəyə xüsusi yer ayırmayıb, bu da uğurlu siyasi taktika hesab oluna bilər. O mənada ki, Ermənistan heç bir sahədə Azərbaycana rəqib ola bilməz.

Çıxışının ilk hissəsində prezident “bu gün ölkəmizin iqtisadi və hərbi potensialı heç kəsə sirr deyil və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim əsas vəzifəmizdir” deyib.

Çıxışının sonunda isə İlham Əliyev Ermənistanı “yenə yada salıb”.  Sitat:  “Bütövlükdə ölkə iqtisadiyyatının inkişafı ilə bağlı heç bir problem yoxdur. Maliyyə vəziyyətimiz çox sabitdir, müsbətdir. Beynəlxalq qurumlar Azərbaycandakı islahatları yüksək qiymətləndirirlər. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, beynəlxalq reytinq agentlikləri bizdə aparılan islahatları yüksək qiymətləndirirlər. Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 35-ci yerə layiq görüb. Dünya miqyasında 35-ci yeri tutmaq, MDB məkanında isə birinci olmaq çox böyük nəticədir. İnklüziv inkişaf indeksinə görə, Azərbaycan inkişafda olan ölkələr arasında üçüncü yerdədir. Bu siyahıda cəmi 80-ə yaxın ölkə var. Onu da qeyd etməliyəm ki, biz MDB məkanında bu göstəriciyə görə də birinci yerdəyik. Ermənistana gəldikdə isə o, 45-ci yerdədir və buna görə də çox sevinir, toy-bayram edir. Biz isə üçüncü yerdəyik və bizdən qabaq ancaq inkişaf etmiş ölkələrdir, onların da sayı 30-dur. İnkişaf etmiş ölkələrin reytinqinə 30 ölkə daxil edilib və 80-ə yaxın ölkə inkişafda olan ölkədir. İnkişafda olan ölkələr arasında biz üçüncü yerdəyik. Deməli, dünya miqyasında inklüziv inkişaf indeksinə görə biz 33-cü yerdəyik. Rəqabətqabiliyyətliliyə görə isə 35-ci yerdəyik”.

Prezidentin çıxışının böyük bir bölümündə qaçqınların həyat şəraitin yaxşılaşdırılması, sahibkarlığa dəstək, rayonlara xarici investisiyasının cəlb edilməsi, kənd təsərrüfatının inkişafına subsidayalara da yer ayırıb ki, bu da ayrı-ayrılıqda sadalansa da, ümumu iqtisadi vəziyyətin dəyərləndirilməsidir.

Dövlət başçısının çıxışında, nəhayət, sonuncu proqram xarakterli mühüm məqam da rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizədir. “Rüşvətxorluğa və korrupsiyaya qarşı çox ciddi mübarizə aparılır. Bu mübarizə, o cümlədən sistem xarakterli tədbirlər sahəsində aparılır. Deyə bilərəm ki, institusional tədbirlər ən səmərəli tədbirlərdir. Əlbəttə ki, cəza tədbirləri də tətbiq olunub, olunur, onların da əhəmiyyəti var. Ancaq institusional tədbirlər, rüşvətxorluq, korrupsiya üçün, necə deyərlər, meydançanın daralması istiqamətində atılan addımlar ən səmərəli addımlardır”-deyə, prezident bildirib.“YM”

 






Fikirlər