Nazir PENSİYA ARTIMI şərh etdi

"Azərbaycanda minimal pensiyanın həcmi 5,7 faiz artırılacaq".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri mətbuat konfransında Səlim Müslümov deyib.

Onu sözlərinə görə, ölkədə pensiyanın orta məbləği 110 manatdan 116,27 manata qədər artırılacaq.

S.Müslümov bildirib ki, Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olan rəsmi məlumata əsasən, 2017-ci ildə ölkəmizdə orta aylıq nominal əmək haqqının illik artım tempi 5,7 faiz səviyyəsində müəyyən edilib:

Cənab Prezidentin Sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızda əmək pensiyalarının ümumi məbləğinin də 2018-ci il yanvarın 1-dən hesablanaraq həmin göstəriciyə uyğun, yəni 5,7 faiz artırılması təmin ediləcək. Bununla bağlı nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu artıq müvafiq işlərə başlayıb. 1 yanvar 2018-ci il vəziyyətinə ölkədə 1 milyon 318 min 434 nəfər əmək pensiyası alır.

Sərəncama əsasən əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunacaq. Dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və s. kateqoriyalardan olan şəxslər kimi pensiyaya çıxmış vətəndaşların pensiyalarına bu artımlar tətbiq olunmayacaq. Bundan başqa, əmək pensiyalarının sığorta hissəsinə qanunun 19-cu maddəsində mütləq rəqəmlərlə ifadə olunan əlavələrə bu artım şamil edilmir".

Qeyd edək ki, ötən gün prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam verib.

Sərəncamda qeyd edilib:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə:

1.1. bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;

1.2. fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

AzerTaym.az






Fikirlər