İrəvana Qarabağ XƏBƏRDARLIĞI, ABŞ-ın “B PLANI”… - Günün Siyasi XÜLASƏSİ

İrəvana Qarabağ XƏBƏRDARLIĞI, ABŞ-ın “B PLANI”… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatı erməniləri məyus edəcək bəyanat verib. Suriyada Rusiyaya məxsus An-26 nəqliyyat təyyarəsi qəzaya uğrayıb. 

ABŞ prezident administrasiyası Suriya hakimiyyətinə qarşı yeni hərbi aksiyaları nəzərdən keçirir. İranla nüvə razılaşmasına yaxın zamanlarda baxılmasa, rəsmi Vaşinqton ondan çıxacaq. KXDR Koreya yarımadasının denuklearizasiyası üzərində işləmək arzusunu ifadə edib.

“Dağlıq Qarabağ Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının (KTMT) üzvü deyil, bu üzdən Xankəndinə qurum tərəfindən hərbi dəstək verilməyəcək”. Bunu KTMT birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoliy Sidorov deyib.

O qeyd edib ki, KTMT bütün sazişləri Ermənistanla imzaladığından İrəvan qarşısında müəyyən öhdəlikləri var.

A. Sidorov bildirib ki, KTMT müvafiq yardım xahişi olmadan quruma üzv dövlətin cəlb olunduğu bu və ya digər münaqişəyə müdaxilə etmək səlahiyyətinə malik deyil.

ABŞ-ın Nüsrə Cəbhəsini xilas etmək üçün əlindən gələni etdiyi ilə bağlı dəlillər getdikcə daha da artır. Bu açıqlama ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib.

"Başda ABŞ olmaqla, Qərb tərəfdaşlarımızın adını dəyişdirən, amma mahiyyəti dəyişməyən Nüsrə Cəbhəsini qorumağa çalışdığı istiqamətində əlimizdəki dəlillər getdikcə artır. Məqsəd B planına qayıtmaq, yəni Dəməşqdəki rəhbərliyi dəyişməkdir", - Lavrov söyləyib.

Suriyada Rusiyaya məxsus An-26 nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Bu haqda Rusiya Müdafiə Nazirliliyindən bildiriblər.

İlkin məlumatlara görə, təyyarənin içində 26 sərnişin və ekipajın altı üzvü var idi. Onların hamısı həlak olub. Qəza Xmeymim aerodromuna eniş zamanı, yerli vaxtla saat 15:00-da baş verib.

İlkin informasiyaya görə, qəzanın səbəbi texniki nasazlıq ola bilər. Təyyarəyə atəş açılmadığı bildirilir. Müdafiə Nazirliyinin komissiyası qəzanın bütün mümkün versiyalarını öyrənəcək.

ABŞ-ın Suriyadakı əməliyyatlarının müddəti uzana bilər. Bu sözləri Pentaqon nümayəndəsi, general Adrian Rankin Hollavey jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Suriya Demokratik Qüvvələri (SDQ) ABŞ-ın müttəfiqi olaraq qalacaq:

“ABŞ Suriyada öz məqsədinə çatacaq. Lakin Suriyada vəziyyətin daha da gərginləşməsi işi mürəkkəbləşdirir”.

ABŞ Prezident Administrasiyası Suriya hakimiyyətinə qarşı yeni hərbi aksiyaları nəzərdən keçirir.“Vaşinqton Post” qəzeti Trampın öz müşavirlərindən Əsədin kimyəvi hücuma görə necə cəzalandırılması gərəkdiyi barədə variantlar təqdim etmələrini istədiyini yazıb. Prezidentin təşkil etdiyi xüsusi iclasda Administrasiya rəhbəri Con Kelli, Milli təhlükəsizlik üzrə müşavir Herbert Makmaster və Müdafiə naziri Ceyms Mettis iştirak edib. İclas zamanı Mettis hərbi hücuma qarşı çıxıb, Makmaster isə bunu tam dəstəkləyib.

ABŞ Müdafiə Nazirliyi yayılan informasiyanı tam təkzib edib.

Qeyd edək ki, ABŞ sonuncu dəfə Suriya hökumətinə keçən ilin aprelində hücum edib. Əsəd rejiminə aid olan bazaya 59 qanadlı raket endirilib.

Əgər İranla nüvə razılaşmasına yaxın zamanlarda baxılmasa, rəsmi Vaşinqton ondan çıxacaq. Bunu jurnalistlərə açıqlamasında ABŞ vitse-prezidenti Maykl Pens söyləyib.

“Ağ Ev indiyə qədər İrana münasibətdə yenidən məhdudlaşdırıcı tədbirlərə yönəlməkdən çəkinib. Bununla da biz nüvə razılaşması ətrafında yaranan fikir ayrılığını həll etməyə çalışmışıq. Bu, onların son şansıdır. Əgər İran nüvə razılaşmasına yaxın zamanlarda baxılmasa, rəsmi Vaşinqton ondan çıxacaq. Vaşinqton heç bir zaman imkan verməyəcək ki, İran nüvə silahına sahib olsun” – deyə o bildirib.

ABŞ Prezidenti Donald Trampla görüşdə əsas müzakirə mövzuları İran, İran və İran oldu. Bunu jurnalistlərə açıqlamasında İsrail Baş naziri Benyamin Netanyahu söyləyib.

“İran çox aqressiv və təhlükəlidir. İsrailin öz gücü və ABŞ-la dostluğu var. Biz İran aqressiyasını dayandırmaq barədə danışdıq”, – deyə o bildirib.

Böyük Britaniyanın xeyrinə casusluğa görə daha əvvəl ittiham edilmiş Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnik Sergey Skripal naməlum maddə ilə zəhərlənib. “Sky News” kanalının xəbərinə görə, onun vəziyyəti hazırda kritikdir.

Kanal qeyd edir ki, əgər Britaniya müstəntiqləri bu işdə “Kremlin əli”ni aşkar etməyi bacarsalar, bu onsuz da sərin olan Moskva-London münasibətlərinə ciddi zərər verə bilər. Xəbərə görə, bir gün əvvəl ticarət mərkəzində halı pisləşən iki nəfər 66 yaşlı – Sergey Skripal və gənc qadın xəstəxanaya çatdırılıb. Qadının kimliyi açıqlanmır. Polis hazırda hadisənin keçmiş Rusiya casusunu öldürmək cəhdinin və bu hadisədə ümumiyyətlə, cinayət tərkibinin olub-olmadığını araşdırır.

 

“Kremlin əli”, yoxsa... – Rus agentlərini satan polkovnikin ACI SONLUĞU

 

NATO-nun Şərqi Avropadakı qoşunlarının sayı hazırda 12 min nəfərdir. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının rəisi general-polkovnik Anatoli Sidorov söyləyib. Onun sözlərinə görə, KTMT-yə ən böyük təhdidlərdən biri Ukraynadakı gərgin vəziyyətdir.

O, Şərqi Avropada NATO qüvvələrinin sayının artmasını Rusiya və Belarusa təhdid adlandırıb.

Biz vətənin birləşdirilməsi üçün yeni tarix başlatmaq niyyətindəyik.Bunu Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreyanın nümayəndə heyəti ilə görüşdə söyləyib. Onun sözlərinə görə, Şimali Koreya ilə Cənubi Koreya arasında əlaqələr gücləndirilməlidir.

Qeyd edək ki, Cənubi Koreya nümayəndə heyəti dünəndən Şimali Koreyada səfərdədir.

Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreya aprelin sonunda iki ölkənin liderlərinin sammitinin keçirilməsi mövzusunda razılaşıb. Bu haqda Cənubi Koreya prezidentinin administrasiyasının xəbərində deyilir.

Həmçinin vurğulanır ki, Cənubi və Şimali Koreya hərbi gərginliyin azaldılması məqsədi ilə sıx konsultasiyaların keçirilməsi üçün “qaynar xətt”in yaradılması mövzusunda razılaşıblar. Xəbərə görə, razılaşma Cənubi Koreya nümayəndə heyətinin KXDR-ə ikigünlük səfəri zamanı əldə edilib.

Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya yarımadasının denuklearizasiyası üzərində işləmək arzusunu ifadə edib. Bu haqda Cənubi Koreya prezidentinin administrasiyasının xəbərində deyilir.

 

Pxenyan geri çəkildi - Nüvə silahından bu şərtlə imtina edəcək

 

 






Fikirlər