"ABŞ-ın küncə dirədiyi Şimali Koreya getdikcə daha da azğınlaşır" — Politoloq rəyi
Şimali Koreya lideri Kim Çen İn bildirib ki, Pxenyan nüvə silahından istədiyi vaxt, təhlükə hesab etdiyi istənilən dövlətə və onun ordusuna qarşı istifadə edə biləcək. Buna cavab olaraq da, Pentaqonun rəsmi nümayəndəsi Bill Urban Şimali Koreya lideri Kim Çen Inın sözlərinə cavab olaraq deyib ki, Şimali Koreyanı təxribat xarakterli bəyanatlardan və addımlardan çəkinməlidir və ABŞ Koreya yarımadasındakı vəziyyəti özünün müttəfiqi (Cənubi Koreya) ilə koordinasiyalı şəkildə nəzarət altında saxlayır və ABŞ və NATO-dakı müttəfiqləri Pxenyanın istənilən aqressiyasına cavab verəcək. Bununla bağlı politoloq Zərdüşt Əlizadə Ölkə.Az-a danışıb: "Küncə qısılanda dovşan da canavarın üstünə hoppanır. İndi vəziyyət belədir, Şimali Koreyanı küncə dirəyiblər, onlara qarşı sanksiyalar tətbiq edirlər. Ona görə də, Şimali Koreya get-gedə azğınlaşır. Şimali Koreyanın nüvə potensialı böyükdür, ancaq heç bir ciddi müharibə aparmaq qabiliyyəti yoxdur. Yaxşı olardı ki, Şimali Koreyaya qarşı təzyiqlər azalardı. Vaxtı ilə Qərb belə siyasət yürütmüş və Şimali Koreyaya ərzaq yardımı etmişdi. Bunun müqabilində də Şimali Koreya müəyyən güzəştlərə razı olurdu. Hazırda isə gərginliyin artması mərhələsidir. Bu çox ağır bir problemdir. Cənubi Koreya inkişaf edir, ancaq Şimali Koreya tənəzzüldədir. Cənubi Koreyada insanların rifahı yaxşıdır, ancaq Şimali Koreyada rifah yoxdur. Buna baxmayaraq, Şimali Koreya atom bombası istehsal edir. Bundan da geosiyasi alət kimi istifadə edir".