Putin bu ZABİTLƏRİ ORDUYA çağırdı - MÜHARİBƏ...

Putin bu zabitləri orduya çağırdı - Müharibə...

Putin seçkidən dərhal sonra ehtiyatda olan zabit və əsgəri heyəti iki aylıq təlimə çağırmaqla rus ordusunun hazırlıq səviyyəsini qaldırmaq istəyir.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin ehtiyatda olan hərbçilərin təcili hərbi hazırlığa çağırılması barədə fərmanını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Putinin əsas məqsədi ehtiyatda olan hərbçilərin sayını müəyyənləşdirmək, lazım gələrsə, onları hərbi xidmətə çağırmaq məqsədi güdür:

Bu qərarı Putinin müharibəyə hazırlıq görməsi kimi də dəyərləndirənlər var. Açıq demək lazımdır ki, Putin rus ordusunun hazırlıq səviyyəsini qaldırmaq istəyir. Yeltsin dövründən hərbi xidmət keçmiş şəxslər əlavə hazırlıq üçün hərbi toplantılara çağırılmırdı. Putin ilk dəfədir ki, bunu həyata keçirir. SSRİ dağıldıqdan sonra bu təcrübə yeganə Azərbaycanda uzun illər həyata keçirildi. İndi artıq Rusiya da 40 yaşı tamam olmayan, hərbi xidmət keçmiş və sağlamlığı yerində olan şəxsləri hərbi toplantıya cəlb etməklə onları yenidən hərbi xidmətə cəlb edir. Zənnimcə, bu, həmin şəxslərin hərbi xidmətə yenidən daha yetkin səviyyədə hazırlanması məsələsidir. Rusiya onların içərisində muzdlu xidmət etmək istəyənləri muzdlu qoşunlara cəlb etmək barədə fikirləşə bilər. Çünki Rusiya tədricən muzdlu qoşun hissələri yaradır və bunu da bir qayda olaraq ya hərbi xidməti yenicə başa vurmuş, ya da hərbi xidməti bir müddət əvvəl başa vurmuş, sadəcə olaraq, hərbiçi kimi xidmət etmək istəyən şəxslərdən formalaşdırır. Bu praktika Putinin yeni ordu quruculuğu strategiyasının tərkib hissəsidir”.

Politoloq qeyd edib ki, Kreml uzun müddətdir Rusiya Silahlı Qüvvələrinin və onun müxtəlif növlərinin təkmilləşdirilməsi, döyüş hazırlığı qabiliyyətininin yüksəldilməsi ilə məşğuldur:

Eyni zamanda, yeni döyüş texnikasının hazırlanması istiqamətində də çox ciddi vəsaitlər ayrılır. Rusiyanın hərbi sənaye kompleksi son 10 ildə ən çox sifariş alan və ən çox işləyən sahələrdən birinə çevrilib. Bunun nəticəsində bir çox yeni silah və texnika istehsal edilib. Zənimcə, Putin SSRİ dönəmində olduğu kimi, rus ordusunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirmək istəyir. Sözsüz ki, Putinin burada müəyyən siyasi hədəfləri var. Bunları həyata keçirmək üçün onun arxasında yaxşı hazırlanmış qoşun kontingenti olmalıdır ki, qarşıya qoyulan məqsədlərə də nail olmaq mümkün olsun. Rusiyanın bu addımlarını militaristləşmə də adlandırmaq olar. Düzdür, bu sarıdan Qərbi üstələyə bilməsə də, hər halda, sürətli silahlanma rus xarakterinin ayrılmaz bir hissəsidir və Putin bu məsələni də uğurla həyata keçirir”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan hərbçilərin təcili hərbi hazırlığa çağırılması barədə fərman imzalayıb.






Fikirlər