"Əhmədli parkı" xarabalığa çevrilib - FOTOREPORTAJ
Dəniz səviyyəsindən yüzlərlə metr yüksəklikdə yerləşən 5 hektardan çox yaşıllıq ərazi getdikcə tikililərin qurbanı olur. Qeyd edək ki, bu park 90-cı illərdə Bakının ən məşhur istirahət güşələrindən, əhalinin ən çox axın etdiyi yerlərdən biri olub.
"Əhmədli parkı" adı ilə tanınan yaşıllıq zonası indi zibillik içərisində itib-batir, parkın baxımsız olması insanların ayağını buradan kəsib.
25 ilə yaxındır ki, parkın atraksionlarına nəzarət edən Kamil adlı şəxs deyir ki, artıq heç nə əvvəlki kimi deyil, son 10 ildə mənfiyə doğru çox şey dəyişib: "Burada süni göl var idi. Göldə ayaqla idarə olunan katerlər var idi. Bakıda yeganə istirahət mərkəzlərindən biri idi, bura... İndi o gölü qurudub, yerində bina tikiblər. Burada gördüyünüz boş ərazi də əvvəllər yaşıllıq idi, indi ağacları müxtəlif yollarla məhv edirlər ki, buranı tikinti üçün sata bilsinlər. Son 10 ildə parkı pis vəziyyətə salıblar. Baxımsızlıqdan atraksionlar yararsız hala düşdü. Bəzilərini qoruyub saxladım, lakin təmirə ehtiyac var".
Bir zamanlar insanların axın-axın gəldiyi parkda indi yalnız qarğalar göz dəyir. Ağacların altında tikinti tullantıları qalaqlanıb. Park uzun illər öncə tərk edilmiş xarabalığı xatırladır. Ərazidə yaşayan sakinlər deyir ki, yaxınlıqda istirahət üçün bundan gözəl yer yoxdur. Dağın üstündə yerləşən parkda bütün şəhər ayağının altındadır.
Əhmədli qəsəbəsinin sakinləri parkın təmir edilərək, əvvəlki vəziyyətinə qayıtmasını istədiklərini deyirlər.