01.02.2014. - Bakı yaxınlığında yeni şəhər salınır
AzerTaym.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, Hövsan qəsəbəsi, keçmiş südçülük sovxozu yaxınlığında ümumilikdə 330 hektar ərazini əhatə edən yaşayış kompleksində bir çox inzibati-icra orqanları və onların binaları da yerləşəcək. Layihə 2013-cü ildə keçirilən “Baku build” sərgisində nümayiş etdirilib.
Bakı şəhərinin baş inkişaf planına əsasən, həyata keçiriləcək layihənin birinci mərhələsində 50 ha sahədə orta mərtəbəli yaşayış binaları inşa ediləcək. Burada 3-9 mərtəbəli 22 yaşayış binası tikiləcək. Yaşayış binalarında 1-3 otaqlı olmaqla 3 640 mənzil yerləşəcək. Bundan başqa şəhərciyin mərkəzində 4 göydələn inşa olunacaq.
«Hövsan» layihəsində yüngül sənaye müəssisələri, idman və əyləncə mərkəzləri, yerüstü metro (monorelslər), sakinlər üçün velosiped yolları şəbəkəsi inşa olunacaq, həmçinin süni gölməçələrin yaradılması nəzərdə tutulub. Layihənin unikal obyektlərindən biri isə burada «Disneyland» layihəsi əsasında salınacaq attraksion parkı olacaq.
«Hövsan» layihəsi çərçivəsində həmçinin hər biri 440 şagirdin təhsil alması üçün planlaşdırılan 2 məktəbin tikintisi nəzərdə tutulub. Ərazidə hər birində 150 uşaq olacaq 5 uşaq bağçası, hər birinin sahəsi 800 kv. metr olacaq 11 idman meydançası, 3 əyləncə mərkəzi, 16 ikimərtəbəli ticarət mağazaları, 26 məhəlləarası mağaza, biznes və tibb mərkəzləri tikiləcək. Bundan əlavə, 10 hektardan artıq yol şəbəkəsi, 20 ha yaşıllaşdırma zonası, 1 200 avtomobil üçün yerüstü dayanacaq nəzərdə tutulub.
Gələcəkdə Dübəndi qəsəbəsinə qədər uzanacaq böyük bir sahənin də yaşayış və istirahət zonası kimi nəzərdə tutulduğu bildirilir.
Onu da qeyd edək ki, artıq ərazidə layihələndirmə və torpaq işlərinə başlanılır